Şuranın dəstəyilə “İcbari tibbi sığortanın şərtləri və əhalinin sağlamlığının qorunmasında rolu” müzakirə edilib

qhtxeber.az  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Pediatrik Kardiologiya və Revmatologiya” İctimai Birliyi tərəfindən “İcbari tibbi sığorta vətəndaşların sağlamlığının mühafizəsinin dövlət təminatıdır” layihəsinin icrası davam edir.
 
Layihə çərçivəsində Zaqatala rayonunun Aşağı Çardaxlar kənd Ərazi İnzabati Nümayəndəliyində “İcbari tibbi sığortanın şərtləri və əhalinin sağlamlığının qorunmasında rolu” mövzusunda təlim keçirilib. 
 
Təlimin məqsədi rəsmi gəlirləri olmayan özüməşğul əhalinin maarifləndirilməsi ilə keyfiyyətli, müasir standartlara cavab verən tibbi xidmətlərə çıxışı təmin edəcək icbari tibbi sığortaya cəlb olunmasına dəstək vermək olub. 
 
Layihə rəhbəri Sveta Rəfiyeva iştirakçıları salamlayaraq layihənin donoru, məqsədi barədə ətraflı məlumat verib. S. Rəfiyeva layihənin mahiyyətini açıqlayaraq özüməşğul insanları icbari tibbi sığortaya qoşulmağın əhəmiyyəti barədə məlumatlandırıb.
 
Təlimçi Nizami Musayev əhalinin sağlamlığına dövlət qayğısının nümunəsi olan icbari tibbi sığortanın məqsədi, şərtləri, icbari tibbi sığorta zərfləri və s. barədə təlim iştirakçılarına ətraflı izahlı məlumat verib.
 
İştirakçılardan Ramazan Sofiyev, Ziyafət Əliyeva və digərləri tərəfindən verilən suallar cavablandırılıb.
Sonda təlim iştirakçılar tərəfindən qiymətləndirilib və içtirakçılara buklet, təlim materialları paylanılıb.