Şuranın dəstəyilə “Sağlam qida-sağlam həyat deməkdir”

qhtxeber.az  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Tərəqqi” Sosial İnkişaf İctimai Birliyi “Sağlam və təhlükəsiz qidanın vacibliyi ilə bağlı əhalinin maarifləndirilməsi” layihəsi çərçivəsində növbəti tədbirini keçirib.
 
qhtxeber.az-a daxil olan məlumata görə, Bərdə rayonunun Xanərəb kəndində “Sağlam qida-sağlam həyat deməkdir” mövzusunda reallaşdırılan tədbirdə “Tərəqqi” SİİB-in sədri T. Dadaşov görülən işlər barəsində ətraflı məlumat verib, “Sağlam və təhlükəsiz qidanın vacibliyi ilə bağlı əhalinin maarifləndirilməsi” layihəsinin məqsədini açıqlayıb: “Bu tədbirlər çərçivəsində məktəblilər arasında təşkil edilən maarifləndirmə tədbirləri xüsusi əhəmiyyət kəsb edir”.
 
 
Ekspert S. Feyziyeva səmərəli və keyfiyyətli təşkil olunmuş, təbii məhsullarla qidalanmanın insan sağlamlığı üçün əhəmiyyəti haqda ətraflı məlumat verib: “Qida təhlükəsizliyi o zaman mövcud olur ki, bütün insanlar bütün hallarda sağlam və aktiv həyat tərzi sürə bilmək üçün öz pəhriz ehtiyaclarını və qida üstünlüklərini təmin edə bilməkdən ötrü kifayət qədər təhlükəsiz qida məhsullarını fiziki və iqtisadi baxımdan əldə edə bilsinlər. Sağlam olmağın sirri ilk növbədə insanın sağlam qidalanmasından asılıdır. Gün ərzində insan orqanizmi üçün lazım olan vitamin və minerallar qəbul olunmalıdır. Sözsüz ki, normadan artıq olanda xoşagəlməz hallar baş verir. Yaddan çıxarmayaq ki, hər şeyi qaydasında istifadə etmək vacibdir”.
 
Çıxışların ardından mövzu ətrafında müzakirələr aparılıb. Müzakirələrdə Xanərəb kənd tam orta məktəbin direktoru A. Qasımov, müəllim və şagirdlər, valideynlər mövzunun aktuallığını və son dərəcə böyük əhəmiyyəti ilə seçilən vacib mövzulardan olduğunu vurğulayıblar.