Şuranın dəstəyilə Lənkəranda milli maraqların müdafiəsi mövzusunda seminar keçirilib

qhtxeber.az  Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Müasir Gənclərin İnkişafına Dəstək” İctimai Birliyi “Milli maraqların müdafiəsində sosial şəbəkələrin rolunun artırılması” layihəsinin icrasını davam etdirir.
 
Layihə çərçivəsində Lənkəran şəhər İcra Hakimiyyəti təşkilati dəstəyi və rayon Gənclər və İdman İdarəsinin tərəfdaşlığı ilə Lənkəran şəhər Gənclər Evində seminar təşkil edilib. 
 
Tədbirdə Lənkəran şəhər Gənclər və İdman İdarəsinin rəisi və idarə əməkdaşları, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsinin şöbəsi üzrə nümayəndəsi, Lənkəran Dövlət Universiteti, Lənkəran Tibb Kolleci və Lənkəran Peşə Liseyinin tələbə heyəti iştirak ediblər.
 
Lənkəran Şəhər Gənclər və İdman idarəsinin rəisi Yalçın Əhmədov tədbiri açaraq bildirib ki, ölkədə və regionlarda həyata keçirilən dövlət gənclər siyasəti Lənkəranda da uğurla həyata keçirilməkdədir. Natiq, həmçinin mövcud layihənin olduqca əhəmiyyətli olduğunu gənclərin diqqətinə çatdırıb.
 
“Müasir Gənclərin İnkişafına Dəstək” İctimai Birliyinin sədri Mehman Əliyev Şura və təşkilatın fəaliyyəti haqqında tədbir iştirakçılarına ətraflı məlumat verərək, layihənin məqsədi və qarşıda duran vəzifələrdən danışıb. 
 
Layihənin eksperti Elbəy Fətəliyev sosial şəbəkələr və vətəndaş cəmiyyəti, sosial şəbəkələrdən istifadənin müsbət və mənfi tərəfləri haqqında seminar iştirakçılarını məlumatlandırıb. 
 
Tədbirdə iştirak edən DQİK Lənkəran bölgəsinin şöbəsinin əməkdaşı Emin Həmidli çıxış edərək bu gün ölkədə mövcud olan dövlət-din münasibətlərindən, eləcə də sosial şəbəkələrdə dini radikalizmi təbliğ edən paylaşım və çağırışlar haqqında məlumat verib. 
 
Qeyd edək ki, layihə çərçivəsində növbəti silsilə tədbirlər Lerik, Cəlilabad, Salyan, Masallı, Yardımlı və Astara rayonlarında həyata keçiriləcək.