ELSA-Azərbaycan gənc hüquqşünaslara geniş imkanlar yaradır

Məhəmməd İsmayılov 2013-cü ildə 700 bal toplayaraq Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquqşünaslıq ixtisasına daxil olub. Prezident təqaüdçüsüdür. Universitetə daxil olduğu ilk vaxtlardan ELSA Azərbaycan təşkilatının fəaliyyətində aktiv iştirak edib. Hazırda təşkilatın prezidentidir. 
 
 
- ELSA təşkilatı Azərbaycanda nə vaxt yaranıb və beynəlxalq səviyyədə necə tanınır?
 
Avropa Hüquqşünas Tələbələr Assosiasiyası (ELSA) beynəlxalq təşkilatı dünyanın ən böyük hüquqşünas tələbə təşkilatıdır. Avropanın 43 ölkəsində fəaliyyət göstərir və 48 mindən çox üzvü var. Təşkilatın məqsədi Avropada hüquqşünas tələbələr arasında əlaqələrin möhkəmlənməsi, təhsil-mübadilə imkanlarının genişlənməsi və hüquqşünas tələbələrin cəmiyyətin inkişafında daha aktiv iştiraka sövq edilməsidir. 
 
ELSA beynəlxalq təşkilatının Azərbaycan milli nümayəndəliyi (ELSA Azərbaycan) 2010-cu ildə təsis edilmişdir. ELSA Azərbaycan vətənpərvər, intellektual səviyyəli, aktiv gənc hüquqşünasları birləşdirir. Fəaliyyəti nəticəsində yüzlərlə layihə həyata keçirmiş, azərbaycanlı hüquq tələbələrin xaricdə və yerli mübadilə proqramlarında, və beynəlxalq tədbirlərdə iştirakını təmin etmişdir.
 
- Bu günə qədər keçirdiyiniz böyük tədbirlər haqda məlumat verə bilərsiniz?
 
ELSA Azərbaycan tərəfindən 2015-ci ilin 4-8 fevral tarixlərində ELSA-nın ali orqanı olan 43 ölkəninin Prezidentlərinin Görüşü Bakı şəhərində keçirilib. Bundan əlavə 2016-cı il 6-13 iyul tarixlərində Avropanın 23 ölkəsindən 70 nəfər hüquq tələbəsinin iştirakı ilə Beynəlxalq Hüquq Məktəbi Bakı şəhərində təşkil edilib. 
Cari ilin 6-12 iyul tarixlərində isə Avropanın 30 ölkəsindən olan 75 hüquq tələbəsinin və azərbaycanlı hüquq tələbələrinin iştirakı ilə “II Bakı Yay Hüquq Məktəbi” keçirilib. Yay Hüquq Məktəbində Ekvita, Dentons, Baker & McKenzie Bakı ofisi, Alibi və digər hüquq firmalarından olan mütəxəssislər tərəfindən biznes hüququ ilə bağlı müxtəlif seminarlar iştirakçılara tədris edilib, eyni zamanda son zamanlar Azərbaycanda biznes mühitinin təkmilləşdirilməsi ilə bağlı həyata keçirilmiş islahatlar müzakirə edilib. 
 
Yay Hüquq Məktəbi çərçivəsində xarici hüquqşünasların Azərbaycan Respublikasının Milli Məclisinə, Ali Məhkəməsinə və ASAN xidmət mərkəzlərinə tanışlıq səfərləri təşkil edilib. 
 
 Qeyd etməliyəm ki, ELSA Azərbaycan təşkilatı ölkəmizdə həyata keçirilən hüquqi islahatlara da biganə qalmamış və öz töhfəsini verib. Belə ki, təşkilatımız tərəfindən 2016-cı ilin 18 sentyabr tarixində 150 nəfər hüquq tələbəsinin iştirakı ilə “Azərbaycan Respublikasının Konstitusiyasına təklif olunan dəyişikliklərin hüquqi təhlili” mövzusunda ictimai müzakirə təşkil edilib.
 
Tədbir “Davos Dünya İqtisadi Forumu”nun formatında təşkil edilmiş və spikerlər qismində isə Milli Məclisin deputatı Vüsal Hüseynov, Bakı Dövlət Universitetinin hüquq fakültəsinin konstitusiya hüququ kafedrasının baş müəllimi Elşad Nəsirov, Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev çıxış ediblər.
 
 Daha sonra “ELSA-çılar işdə” layihəsi çərçivəsində cari ilin 10 noyabr tarixində Azərbaycan Respublikasının Ombudsmanı Elmira Süleymanova və 15 dekabr tarixində isə Konstitusiya Məhkəməsinin Aparat rəhbəri Cənab Rauf Quliyev ilə tələbələrin görüşü təşkil edilib, gənc hüquqşünasları maraqlandırılan suallar cavablandırılıb. 
 
 2016-cı ilin noyabr ayında “Miqrasiya hüququ” mövzusunda Azərbaycanda ilk dəfə olaraq hüquqi debat turniri həyata keçirilib, qaliblər mükafatlandırılıb. Dekabr ayında isə Avropa İnsan Hüquqları Məhkəməsi Simulyasiyası keçirilmiş, “Müqavilə hüququ” mövzusunda bir neçə təlimlər təşkil edilib. 
 
Bunu isə xüsusi qeyd etməliyəm ki, ELSA Azərbaycan yerli hüquq tələbələrinin ingilis dilində hüquqi biliklərini və dil bacarıqlarını inkişaf etdirmək üçün İtaliyalı mütəxəssis Benedetta Spattini Azərbaycana dəvət edib və gənc hüquqşünaslara 2 ay müddətində kurslar tədris edilib. Həmçinin ELSA Azərbaycannın üzvlərinin BMT və Avropa Şurasının müvafiq sessiyalarında iştirakı təmin edilib. 
 
- Bəs gələcək üçün hansı tədbirləri keçirməyi planlaşdırırsız?
 
- 2017-ci ilin 4-8 fevral tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası və Azərbaycan Antikorrupsiya Akademiyası (AZAKA) ilə birgə əməkdaşlıq şəraitində, Azərbaycanda ilk dəfə olaraq Antikorrupsiya Qış Məktəbi təşkil ediləcək. Tədbirdə müxtəlif universitetlərdən olan 35 tələbəninin iştirakı nəzərdə tutulur.
 
 Daha sonra yenə ilk dəfə olaraq, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə televiziya formatında Səhnələşdirilmiş Məhkəmə Müsabiqəsi keçiriləcək və çəkilişlər 2017-ci ilin mart ayında baş tutacaq. 
 Eyni zamanda ELSA Azərbaycanın Tələbə Mübadilə Proqramı vasitəsi ilə xaricdən gələn bir tələbənin 3 həftə “ASAN Xidmət” mərkəzində könüllü kimi işləməsi planlaşdırılır. 
 
Yay aylarında isə artıq ənənə halına çevrilən “Biznes hüququ” mövzusunda, Avropanın 43 ölkəsindən olan 100-ə yaxın hüquq tələbəsinin iştirakı ilə Bakı şəhərində III Beynəlxalq Hüquq Məktəbinin keçirilməsi nəzərdə tutulur.