Mərkəzdə Dəyirmi masa: “Müstəqilliyimiz yenilməzdir, əbədidir, dönməzdir”

qhtxeber.az  Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində “18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyinin bərpası günü”nə həsr edilmiş Dəyirmi masa keçirilib.
 
qhtxeber.az-a daxil olan məlumata görə, tədbiri giriş nitqi ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov çıxış edib, 1991-ci ildə yaranmış tarixi şəraitin nəticəsi olaraq Azərbaycan Ali Sovetinin avqustun 30-da müstəqillik bəyannaməsini, oktyabrın 18-də isə müstəqillik haqqında Konstitusiya aktını qəbul etdiyini bildirib. 
 
E. Abbasov hər bir xalq üçün dövlət müstəqilliyi, müstəqil dövlətin olmasının ən önəmli məsələlərdən biri, müstəqilliyin qorunub saxlanılmasının onun qazanılmasından qat-qat çətin olduğunu vurğulayıb. O, Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyev tərəfindən qorunub saxlanılmış müstəqilliyimizin bu gün Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndiyini qeyd edib: “Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib, iqtisadi artım sürətinə görə nəinki regionda, həm də dünyada lider mövqeyinə çatıb. Müstəqilliyimizin bərpasından keçən 28 il ərzində Azərbaycan gündən-günə daha da güclənir, qüdrətlənir”. 
 
Millət vəkili, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov çıxışında qeyd edib ki, tarixi proseslər və hadisələr nəticəsində Azərbaycan xalqı müəyyən dövrlərdə özünün dövlət müstəqilliyini itirib: “Dövlət Müstəqilliyinin bərpası Azərbaycan xalqının və millətinin başlıca məqsədi olub. 1918-ci ildə Şərqdə ilk demokratik respublikanın yaranması böyük məna kəsb edib, süqutundan sonra da müstəqillik ideyası ictimai şüurda həmişə mövcud olub. Müstəqil dövlət yaradılması, dövlətçiliyimizin bərpası ideyası müstəqilliyimizin itirilməsindən sonrakı mərhələdə xeyli müddət davam edib. 80-ci illərin sonlarında beynəlxalq aləmdə vəziyyətin dəyişməsi, keçmiş SSRİ-də mərkəzdənqaçma meyllərinin güclənməsi ilə Azərbaycanda da xalq hərəkatı dalğası yüksəlib. Görünməmiş miqyas alan bu hərəkatı yatırmaq üçün sovet tankları xalqın üstünə göndərildi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun Azərbaycanda törətdikləri vəhşiliklər, günahsız insanların qanının axıdılması xalq hərəkatını milli-azadlıq hərəkatına çevirdi. İlk dəfə məhz Heydər Əliyev bu qırğını pisləyən bəyanatla çıxış etmiş və əslində baş verən hadisələrin siyasi mahiyyətini bütün dünya ictimaiyyətinə çatdırmışdır”. 
 
A. Hüseynov XX əsrdə Azərbaycan xalqının ən böyük nailiyyətinin də məhz müstəqil Azərbaycan dövlətinin yaradılması olduğunu qeyd edib: “Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı müstəqilliyimizə yeni nəfəs verdi. Heydər Əliyev əvvəlcə vətəndaş müharibəsinin qarşısını aldı, Ermənistanla atəşkəsə nail oldu və Azərbaycanda inkişafın təməli qoyuldu. Azərbaycan ordusu yenidən təşkil edildi, nizam-intizam gücləndirildi. Mühüm siyasi və iqtisadi islahatlara başlanıldı. Ulu öndər Heydər Əliyevin Azərbaycanın qüdrətli dövlətə çevrilməsinə yönəlmiş müdrik siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir”. 
 
Əməkdar jurnalist Mikayıl Nərimanoğlu və digər çıxış edənlər bu günün xalqımızın tarixində ən önəmli gün olduğunu, xalqımızın azadlıq və müstəqillik yolunda keşməkeşli mübarizələr və qurbanlarla dolu tarixi bir yol keçdiyini nəzərə çatdırıblar. Qeyd olunub ki, son illərdə Azərbaycanın iqtisadiyyatında, hərbi quruculuğunda, elm, mədəniyyət, səhiyyə, təhsil, idman, insanların sosial müdafiəsi sahələrində, o cümlədən rayonda böyük uğurlar əldə edilib. 
 
Sonda Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov tədbiri yekunlaşdırıb, “18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyinin bərpası günü” münasibətilə bir daha tədbir iştirakçılarını təbrik edib, təşəkkürünü bildirib.