Elektron Ticarət Forumunda iştirakçılara "SmartPay" haqqında məlumat verilib

qhtxeber.az  Xəbər verdiyimiz kimi, bu gün Bakıda 2-ci Bakı Elektron Ticarət Forumu (BEF-2019) işə başlayıb.
 
Forum Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və Avropa İttifaqının təşkilatçılığı ilə "İnnoWeek - İnnovasiya həftəsi” çərçivəsində keçirilir.
 
Forumda beynəlxalq təşkilatların, dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələri, mikro, kiçik və orta sahibkarlar, investorlar, ekspertlər, startaplar iştirak edirlər.
 
Tədbiri giriş sözü ilə açan nazirRamin QuluzadəAzərbaycanda elektron ticarətin inkişafı üçün müvafiq mühitin mövcud olduğunu, qeyd edib. Məqsədimiz daha çox daxili bazarda elektron ticarətin payını artırmaq, eyni zamanda milli məhsullarımızın xarici bazarlara çıxarılmasında elektron ticarəti təşviq etməkdir söyləyən nazir, ölkəmizdə elektron ticarətin inkişaf dinamikasının yüksək olduğunu da qeyd edib.
 
Elektron ticarət infrastrukturunda yeni texnoloji trendlər: perspektivlər və təhdidlər, adlanan forumun 2-ci panelində Məlumat Hesablama Mərkəzinin direktorunun müşaviri, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Arif Mailov çıxış edib. Elektron ticarətin elektron sənədlə bağlılığını və bu sənədlərin etibarlılığını təmin etməyin çox vacib olduğunu vurğulayan Arif Mailov Məlumat Hesablama Mərkəzinin etibarlı elektron xidmətlərlə bağlı apardığı son işlərdən danışıb. Həmçinin, A. Mailov Azərbaycanın elektron ticarət qovşağına çevrilməsi baxımından mühüm əhəmiyyət daşıyan Elektron imzaların qarşılıqlı tanınması haqqında da forum iştirakçılarına məlumat verib. Hazırda Türkiyə və Belarusiya ilə elektron imzaların qarşılıqlı tanınması istiqamətində fikir mübadiləsi aparıldığını, texniki işlər görüldüyünü qeyd edib.
 
Forum çərçivəsində e-ticarətin müxtəlif istiqamətləri üzrə sessiyalar təşkil olunur, həmçinin, e-ticarət sahəsində liderlər, tanınmış e-ticarət və onlayn ödəniş platformalarının mütəxəssisləri, ekspertlər bir araya gələrək, bu istiqamətdə son trendləri və qabaqçıl təcrübələri müzakirə edirlər.
 
İki gün davam edəcək Forumda iştirakçılara "SmartPay” ödəniş sistemi haqqında məlumat almaq imkanı da yaradılıb. Belə ki, "SmartPay” guşəsində, MHM-nin mütəxəssisləri forum iştirakçılarını ödəniş sistemi haqqında məlumatlandırır. Həmçinin, iştirakçılar üçün həm sayt üzərindən, həm də ödəmə terminalı vasitəsilə ödəniş etmək imkanı yaradılıb.
 
Bu ödəmə sisteminin xidmətlərindən istifadə etməklə dövlət qurumu xidmətlərini, sığorta xidmətlərini, kommunal xidmətləri, TV və internet provayderləri, bank xidmətləri və digər xidmətlər üzrə ödəmələr həyata keçirmək mümkündür.
 
Hazırda "SmartPay” 71 poçt filialı, 1383 poçt şöbəsində 72 ödəmə terminalı, 81-xidmət üzrə, 2541 ödəmə nöqtəsi ilə vətəndaşların xidmətindədir.
 
"SmartPay” ödəmə sistemi istifadəçilərin fərdi məlumatlarının təhlükəsizliyini və mühafizəsini tam təmin edir. Xidmətlərdən istifadə ilə bağlı toplanmış və işlənmiş fərdi məlumatların qorunması öhdəliyini daim öz üzərinə götürür.
 
Qeyd edək ki, Bakı Elektron Ticarət Forumu ölkəmizdə ikinci dəfə keçirilir. 2018-ci ildə keçirilən ilk E-ticarət Forumu böyük maraqla qarşılanmış və Forumda 300-dən çox yerli və xarici nümayəndə iştirak etmişdir.