Şuranın dəstəyilə “Sağlam qidalanmanın şərtləri” müzakirə olunub

qhtxeber.az  “Tərəqqi” Sosial İnkişaf İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Sağlam və təhlükəsiz qidanın vacibliyi ilə bağlı əhalinin maarifləndirilməsi” layihəsinin icrasını davam etdirir.
 
qhtxeber.az-a daxil olan məlumata görə, layihə çərçivəsində növbəti tədbir Ağdam rayonunun Baharlı qəsəbəsində yerləşən Mədəniyyət evində reallaşdırılıb. 
 
“Sağlam qidalanmanın şərtləri” mövzusunda keçirilən tədbirdə 25 nəfər iştirak edib. 
 
“Tərəqqi” İctimai Birliyinin sədri T. Dadaşov tədbiri giriş sözü ilə açaraq təşkilatın fəaliyyəti haqqında məlumat verib, sağlam qidanın insan sağlamlığına və uzun ömürlülüyünə təsirindən danışıb: “Sağlam həyat tərzinin əsas şərtləri düzgün qidalanma, idman vərdişləri, əmək və istirahət rejiminin düzgün təşkil olunmasıdır. Sağlam qida sağlam həyat, sağlam həyat sağlam düşüncə, sağlam düşüncə sağlam nəsil, sağlam nəsil isə uğurlu gələcək deməkdir”. 
 
Layihə rəhbəri E. Dadaşov çıxışında sağlam həyat sürmək ücün zəruri olan məsələlərin əsasını sağlam qidalanma təşkil etdiyini vurğulayıb: “Sağlam həyat tərzi dedikdə səmərəli qidalanma nəzərdə tutulur. Düzgün qidalanma hər yaşda vacibdir. Düzgün qidalanma və sağlam həyat tərzi bir-birindən ayrılmaz anlayışlardır. Sağlam yaşamağın sirri ilk növbədə insanın nə dərəcədə sağlam qidalanmasındadır. Əksər xəstəliklər qeyri-düzgün qidalanmanın nəticəsində yaranır. Nə ilə qidalanmağımıza diqqət etdiyimiz kimi, necə qidalanmağımıza da diqqət etmək sağlamlığımız üçün mühüm şərtdir”. 
 
Çıxışlardan sonra mövzu ətrafında müzakirələr aparılıb, mövzunun aktualllığı gündəmə gətirilib, təkliflər dinlənilib, suallar cavablandırılıb.