BAMF Beynəlxalq Təhsil Akademiyası ilə əməkdaşlıq müqaviləsi imzalayıb

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev tərəfindən təmsil olunan, Azərbaycanda, Gürcüstanda, İranda və Mərkəzi Asiyada yeganə rəsmi ECL İmtahanına hazırlıq və ECL İmtahan Mərkəzi kimi fəaliyyət göstərən "Avrasiya Təhsil Mərkəzi" və BTA-nın direktoru Ketevan Tabutsadze tərəfindən təmsil olunan Beynəlxalq Təhsil Akademiyası arasında müqavilə imzalanıb.
 
qhtxeber.az trend-ə istinadən məlumat verir ki, imzalanma mərasimi, Beynəlxalq Avrasiya Mətbuat Fondunun və Beynəlxalq Təhsil Akademiyasının təşkilatçılığı ilə “İngilis dilinin tədrisinə müasir və praktik yanaşma” mövzusunda hazırlanmış Pre - ECL təlim çərçivəsində Gürcüstanda ən yeni və ən nüfuzlu təhsil müəssisələrindən biri olan Gürcüstan Milli Universitetində keçirildi. Beynəlxalq Təhsil Akademiyasının əməkdaşları, professorlar, müəllimlər və tələbələr ECL strukturu haqqında daha çox məlumat əldə etmək üçün tədbirdə iştirak etdilər.
 
Tərəflər Beynəlxalq İmtahan formatı olan ECL İmtahan sisteminin Gürcüstanda təqdimatı və Gürcüstan, İran, Orta Asiyada tələbələr və müəllim hazırlığı üçün nəzərdə tutulmuş təlimlər kimi birgə layihələrin həyata keçirilməsində əməkdaşlıq etmək barədə razılığa gəldilər. Bu əməkdaşlıq təhsildə yüksək nailiyyətlər əldə etmək, ECL imtahanına hazırlıq və məktəblilərin hərtərəfli inkişafı, müəllimlərin peşə bacarıqlarının artırılması və ümumilikdə ECL İmtahanına hazırlıq əsasında digər mədəni və təhsil xidmətlərini əhatə edir.
 
Mərasim iki ölkənin, Gürcüstanın və Azərbaycanın dövlət himnlərinin səsləndirilməsi ilə müşayiət olunub.
Beynəlxalq Təhsil Akademiyasının direktoru Ketevan Tabutsadze qonaqları və iştirakçıları salamlayıb. O, bu müqavilənin Gürcüstan və Azərbaycan tələbələri üçün daha unikal imkanlar açdığını bildirərək əhəmiyyətini vurğulayıb.
 
Tədbirdə çıxış edən BAMF prezidenti Umud Mirzəyev, BMT-nin İqtisadi və Sosial Şurasının Əsas Məşvərətçi statusuna malik olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun əsas iş istiqamətlərindən danışıb. Bildirib ki, keçən il BAMF sadəcə Azərbaycanda yeganə ECL hazırlıq və imtahan mərkəzi statusuna malik idisə bu il uğurlu işlərinə görə statusunu genişləndirərək Gürcüstan, İran və Orta Asiyada da yeganə səlahiyyətli ECL mərkəzinə çevrilmişdir.
 
BAMF prezidentinin köməkçisi Anastasiya Lavrina, Avrasiya Təhsil Mərkəzi, onun beynəlxalq tərəfdaşları, xaricdə təhsil proqramları, qonaq mühazirəçilər, təlimlər və ECL hazırlıq proqramı haqqında danışıb.
 
ECL təlimçisi və Avrasiya Təhsil Mərkəzinin meneceri Esmira Qasımbəyova ECL İmtahan sisteminin Azərbaycanda, Gürcüstanda, İranda və Orta Asiyada tanıdılmasının vacibliyini vurğulayıb. O, təlimin iki günlük proqramı haqqında qısa danışıb.
 
Rəsmi açılış mərasimindən sonra təlimçi Esmira Qasımbəyova tərəfindən “İngilis dilinin tədrisinə müasir və praktik yanaşma” mövzusunda Pre-ECL təliminin nəzəri və praktik hissəsi təqdim edilib.