Şuranın dəstəklədiyi layihə yekunlaşıb

qhtxeber.az  “Tərəqqi” Sosial İnkişaf İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Sağlam və təhlükəsiz qidanın vacibliyi ilə bağlı əhalinin maarifləndirilməsi” layihəsinin icrasını yekunlaşdırıb.
 
qhtxeber.az-a daxil olan məlumata görə, Ağdam rayonunun Təzəkənd qəsəbəsində “Sağlam və təhlükəsiz qidanın vacibliyi ilə bağlı əhalinin maarifləndirilməsi” layihəsinin yekun mərasimi keçirilib. 
 
47 nəfərin iştirak etdiyi tədbirdə ”Tərəqqi” Sosial İnkişaf İctimai Birliyinin sədri T. Dadaşov, layihə rəhbəri E. Dadaşov qəsəbə ərazi nümayəndəsi Samir Paşayev, təhsil-səhiyyə işçiləri və rayonda fəaliyyət göstərən QHT-lər iştirak ediblər. 
 
“Tərəqqi” İctimai Birliyinin sədri T. Dadaşov tədbiri giriş sözü ilə açıb, təşkilatın fəaliyyəti haqqında məlumat verib, sağlam qidanın insan sağlamlığına və uzun ömürlülüyünə təsirindən danışıb: “Sağlam həyat tərzinin əsas şərtləri düzgün qidalanma, idman vərdişləri, əmək və istirahət rejiminin düzgün təşkil olunmasıdır. Sağlam qida sağlam həyat, sağlam həyat sağlam düşüncə, sağlam düşüncə sağlam nəsil, sağlam nəsil isə uğurlu gələcək deməkdir”.
 
Layihə rəhbəri E. Dadaşov çıxışında sağlam həyat sürmək ücün zəruri olan məsələlərin əsasını sağlam qidalanma təşkil etdiyini vurğulayıb: “Sağlam həyat tərzi dedikdə səmərəli qidalanma nəzərdə tutulur. Düzgün qidalanma hər yaşda vacibdir. Düzgün qidalanma və sağlam həyat tərzi bir-birindən ayrılmaz anlayışlardır. Sağlam yaşamağın sirri ilk növbədə insanın nə dərəcədə sağlam qidalanmasındadır. Əksər xəstəliklər qeyri-düzgün qidalanmanın nəticəsində yaranır. Nə ilə qidalanmağımıza diqqət etdiyimiz kimi, necə qidalanmağımıza da diqqət etmək sağlamlığımız üçün mühüm şərtdir”.
 
Çıxışlardan sonra mövzu ətrafında müzakirələr aparılıb, mövzunun aktualllığı gündəmə gətirilib, təkliflər dinlənilib, suallar cavablandırılıb.