Şuranın dəstəyilə növbəti təlim Qusarın Piral kəndində keçirilib

qhtxeber.az  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Cəmiyyətin Davamlı İnkişafına Yardım” İctimai  Birliyi tərəfindən “İcmaların  məktəblilər və valideyn komitələri vasitəsilə Açıq Hökumətin Təşviqi üzrə maarifləndirilməsi” layihəsi çərçivəsində Qusar rayonunun Piral kəndində təlim keçirilib. 
 
"Elektron portallardan istifadə  bacarıqlarının artırılması ilə  yerli icmalarda əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin və xidmət mədəniyyətinin yüksəldılməsi” mövzusunda keçirilən təlimin məqsədi Açıq Hökumətin prinsipləri barədə valideyn komitələrinin  və məktəblilərin məlumatlılığının artırılması, məktəblilər və valideyn komitələri vasitəsilə icmalarda Açıq Hökumətin təşviqinə dəstək vermək olub.
 
Layihə koordinatoru Fərrux Əsgərov ilk öncə layihənin məqsədi barədə ümumi məlumat verib, sonra Açıq Hökumət proqramının əhəmiyyəti, onun vətəndaşların dövlət qurumları ilə qarşılıqlı münasibətlərində yaratdığı geniş imkanlardan danışıb. Elektron Hökumət portalında qeydiyyat və portaldan istifadə qaydaları barədə təlim iştirakçılarını məlumatlandırıb.  
 
F. Əsgərov Elektron Hökumət portalında vətəndaşlara xidmət göstərən bir sıra qurumlar və onların göstərdiyi elektron xidmətlər barədə hədəf qruplarına geniş məlumat verib. Bir sıra dövlət qurumların göstərdiyi elektron xidmətlərin vətəndaşlar üçün yaratdığı rahatlıq, vaxta qənaət və bu kimi digər üstünlüklərini iştirakçıların diqqətinə çatdırıb. Məktəblilərin ən çox diqqətini cəlb edən Dövlət İmtahan Mərkəzi olub. Nəşrlərin və onların elektron versiyalarının onlayn satışı, yeniliklər barədə SMS məlumatlandırma, internetdə video mühazirələr, namizədlərə imtahan buraxılış vərəqələrinin internet vasitəsilə verilməsi, namizədlərə onlayn cavab kartlarının qrafik təsvirlərinin internet vasitəsilə verilməsi, onlayn sınaq test imtahanı, sınaq imtahanına yazılış, onlayn sınaq imtahanlarının keçirilməsi, vətəndaşların DİM-in rəhbərliyinin və məsul işçilərinin qəbuluna onlayn yazılması və digər məsələlər geniş şəkildə müzakrə edilib.
 
Məktəbli Kamal Mərdəliyev tədbirdə aktiv iştirakına, elektron portaldan səmərəli istifadə etdiyinə və dəqiq elmlərə böyük marağı olduğuna görə, valideyn Emin Əlibəyov isə Açıq Hökumətin təşviqinə dair qanun layihəsini və elektron portaldan istifadə qaydalarını geniş mənimsədiyinə görə gələcəkdə könüllü olaraq kənd sakinlərinin Elektron Hökumət Portalı üzrə məlumatlandırılmasını öz öhdələrinə götürüblər.  
 
Sonra slayd vasitəsilə təlim iştirakçılarına Elektron Hökumət portalında olan Elektron arayışlar və Elektron ödənişlər bölməsi ilə bağlı məlumatlar verilib. Daha sonra iştirakçıların müxtəlif xidmətlər üzrə sualları cavablandırılıb.