Şuranın dəstəyilə icmaların Açıq Hökumətin Təşviqi üzrə maarifləndirilməsi yekunlaşıb

qhtxeber.az  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Cəmiyyətin Davamlı İnkişafına Yardım” İctimai  Birliyi “İcmaların  məktəblilər və valideyn komitələri vasitəsilə Açıq Hökumətin Təşviqi üzrə maarifləndirilməsi” layihəsinin icrasını yekunlaşdırır.
 
Layihə çərçivəsində Qusar rayonunun Hil kəndində sonuncu təlim keçirilib. 
 
"Elektron portallardan istifadə bacarıqlarının artırılması ilə yerli icmalarda əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin və xidmət mədəniyyətinin yüksəldılməsi” mövzusunda keçirilən təlimin məqsədi Açıq Hökumətin prinsipləri barədə valideyn komitələrinin və məktəblilərin məlumatlılığının artırılması, məktəblilər və valideyn komitələri vasitəsilə icmalarda Açıq Hökumətin təşviqinə dəstək vermək olub.
 
Layihə koordinatoru Fərrux  Əsgərov ilk öncə layihənin məqsədi barədə ümumi məlumat verib. Sonra Açıq Hökumət proqramının əhəmiyyəti, onun vətəndaşların dövlət qurumları ilə qarşılıqlı münasibətlərində yaratdığı geniş imkanlar barədə danışıb. Eyni zamanda Elektron Hökumət portalında qeydiyyat və portaldan istifadə qaydaları barədə təlim iştirakçılarını məlumatlandırıb. 
 
Koordinator Elektron Hökumət portalında vətəndaşlara xidmət göstərən bir sıra qurumlar və onların göstərdiyi elektron xidmətlər barədə hədəf qruplarına geniş məlumat verib. Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Elektron Xidmətlər Reyestri vətəndaşlar üçün yaratdığı rahatlıq, vaxta qənaət və bu kimi digər üstünlüklərini iştirakçıların diqqətinə çatdırıb. 
 
Məktəbli Natiq Rəhimxanov tədbirdə aktiv iştirakına, elektron portaldan səmərəli istifadə etdiyinə və dəqiq elmlərə böyük marağı olduğuna görə, valideyn Könül Mahmudova isə Açıq Hökumətin təşviqinə dair qanun layihəsini və elektron portaldan istifadə qaydalarını geniş mənimsədiyinə görə gələcəkdə könüllü olaraq kənd sakinlərinin Elektron Hökumət Portalı üzrə məlumatlandırılmasını öz öhdələrinə götürüblər.  
 
Sonra qarşılıqlı müzakirələr davam etdirilib. Slayd vasitəsilə təlim iştirakçılarına Elektron Hökumət portalında olan Elektron arayışlar və Elektron ödənişlər bölməsi ilə bağlı məlumatlar verilib. Daha sonra iştirakçıların müxtəlif xidmətlər üzrə sualları cavablandırılıb.
 
Qeyd edək ki, layihə fəaliyyətinin yekununa dair Quba şəhərində Dəyirmi masa keçiriləcək.