Şuranın dəstəyilə Cəlilabadda milli maraqların müdafiəsi mövzusunda seminar keçirilib

qhtxeber.az  Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Müasir Gənclərin İnkişafına Dəstək” İctimai Birliyi “Milli maraqların müdafiəsində sosial şəbəkələrin rolunun artırılması” layihəsi çərçivəsində Cəlilabad Rayon İcra Hakimiyyəti və Rayon Gənclər və İdman İdarəsinin təşkilati dəstəyi ilə Azərbaycan Dövlət Pedaqoji Universitetin Cəlilabad filialında seminar keçirib.  
 
Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin əməkdaşı Münasib Həsənov, Cəlilabad Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Vüqar Cavadov, Azərbaycan Dövlət Pedaqoji Universitetin Cəlilabad filialının müəllim və tələbə heyəti, Cəlilabad Tibb Kollecinin tələbələri və digər ictimai fəal gənclər iştirak ediblər.
 
Cəlilabad Rayon İcra Hakimiyyətinin əməkdaşı Münasib Həsənov tədbiri giriş sözü ilə açaraq ölkədə cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilən çoxşaxəli siyasət, eləcə də Cəlilabad Rayon İcra Hakimiyyəti tərəfindən son dövrlərdə aparılan abadlıq-quruculuq işlərindən bəhs edib və layihənin əhəmiyyətini olduğunu gənclərin diqqətinə çatdırıb.
 
Sonra çıxış edən Cəlilabad Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Vüqar Cavadov belə bir aktual mövzunun təşkili üçün layihənin komanda heyətinə öz təşəkkürünü bildirib. O, idarənin hər zaman gənclər və gənclər təşkilatları ilə əməkdaşlığa hazır və maraqlı olduğunu da vurğulayıb.
 
"Müasir Gənclərin İnkişafına Dəstək” İctimai Birliyinin sədri Mehman Əliyev çıxışında Şura və təşkilatın fəaliyyəti haqqında tədbir iştirakçılarına məlumat verməklə yanaşı, layihənin əsas məqsədi barədə iştirakçıları məlumatlandırıb, milli maraqların müdafiəsində onların üzərinə düşən vəzifə və öhdəlikləri xüsusuilə qeyd edib.
 
Layihənin eksperti Elbəy Fətəliyev sosial şəbəkələr və vətəndaş cəmiyyəti, sosial şəbəkələrdən istifadənin müsbət və mənfi tərəfləri, milli maraqlarımıza zidd və dini radikalizmi təbliğ edən sosial şəbəkə istifadəçilərinə qarşı mübarizə tədbirləri və s. mövzularda seminar iştirakçılarını məlumatlandırıb.  
 
Tədbir iştirakçılardan Əmin Əmirzadə, Gülnur Xudaverdili, Amid Hüseynov və Şamil Abasov çıxış edərək milli maraqların müdafiə olunmasında gənclərin üzərinə daha böyük vəzifələrin düşdüyünü, eləcə də sosial şəbəkələr üzərindən müstəqil və qüdrətli dövlətimizin maraqları naminə anti-Azərbaycan çağırışları edən radikal qüvvələrə qarşı mübarizə aparmağın olduqca əhəmiyyətli olduğunu vurğulayıblar. 
 
Qeyd edək ki, növbəti silsilə tədbirlər Salyan, Masallı, Yardımlı və Astara rayonlarında həyata keçiriləcək.