Şuranın dəstəyilə Tallində konfrans keçirilib

qhtxeber.az  Estoniyanın Tallin şəhərində “Dağlıq Qarabağın azərbaycanlı sakinlərinin taleyi və doğma yurduna geri dönmə mübarizəsi beynəlxalq kontekstdə. Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının fəaliyyəti və perspektivlərinin təbliği” mövzusunda konfrans keçirilib.
 
Konfrans Müstəqil Araşdırmacı Jurnalistlər İB-nin təşəbbüsü, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, eləcə də Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılğı ilə baş tutub.
 
Konfransda Müstəqil Araşdırmacı Jurnalistlər İB-nin sədrinin köməkçisi və Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Rəfi Qurbanov, Azərbaycan Respublikasının Estoniyadakı səfirliyinin nümayəndəsi, Türkiyə Respublikasının Estoniyadakı səfirliyinin ikinci katibi Emrah Yavuz, Estoniya Qaçqınlar Şurasının nümayəndəsi Anu Viltrop, Estoniya Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Niyazi Haciyev, Estoniya Radio 4 müəllif verlişinin-“Ocaq”ın redaktoru Sənəm Əliyeva, Estoniya Diplomatiya Akademiyasının, eləcə də sözügedən ölkədə təhsil alan tələbələr və QHT nümayəndələri iştirak ediblər. 
 
Konfransda “Qarabağ Azərbaycandır, nida!” mövzusu ilə çıxış edən Rəfi Qurbanov iştirakçıların diqqətinə çatdırıb ki, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq və normalarına uyğun Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həll olunması ölkəmizin xarici siyasətinin əsas priotitedir. Prezident İlham Əliyevin beynəlxalq platformalarda münaqişənin həlli ilə bağlı səsləndirdiyi fikirləri diqqətə çatdıran R. Qurbanov bildirib ki, istər Ermənistanın əvvəlki rejimi, istərsə də bu günkü hakimiyyətin siyasi ritorikasında münaqişənin sülh yolu ilə həll olunmasına maneə olacaq fikirlər yer alır. Buna misal kimi Ermənistanın Xarici İşlər Naziri Zohrab Mnatsakanyanın BBC-nin məhşur verlişi olan “Hardtalk”a müashibəsini göstərən natiq iştirakçıların diqqətinə çatdırıb ki, sanki nüfuzlu beynəlxalq təşkilatların rəsmi qərarları, müstəqil beyin mərkəzlərinin apardığı araşdırmaların nəticələri, bir sözlə beynəlxalq ictimaiyyətin münaqişə ilə bağlı rəyi yalandır. Azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin aparılması, mədəni irsimizin, maddi dəyərlərimizin məhv edilməsi faktını yalnız biz deyil, müstəqil beynəlxalq qurumlar və onların apardığı araşdırmaların nəticələri deyir. 
 
Sonra Azərbaycanın nüfuzlu beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsində bütün səylərin göstərildiyini qeyd edən icraçı direktorun müavini bildirib ki, atəşkəs elan olunduqdan sonra Azərbaycan tərəfi hər zaman beynəlxalq hüquq və normalarını əsas tutmuş və münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduğunu bütün platformalardan ifadə etmişdir. 
 
Rəfi Qurbanov diqqətə çatdırıb ki, bu gün dünyanın müxtəlif kəşfiyyat orqanlarının ermənilərlə bağlı açıqladıqları arxivlərə nəzər saldıqda Ermənistan və erməni millətçiləri tərəfindən yaradılan bir sıra terror təşkilatlarının törətdikləri vəhşiliklər dünyaya məlum olur. 
 
Sonda layihə çərçivəsində çap edilmiş “Dağlıq Qarabağda yaşayan azərbaycanlılar” adlı kitabça iştirakçılara təqdim olunub və iştirakçıları maraqlandıran suallar cavablandırılıb, qarşılıqlı fikir mübadiləsi aparılıb.