Şura “Azərbaycanın Tarixi Sərkərdələri və Generalları Sənədli Filminin hazırlanması və təqdimatı”nı dəstəkləyir

qhtxeber.az  “Gəncliyin Şöləsi” Gənclərin İnkişafı İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə Azərbaycanda ilk dəfə olaraq innovativ bir layihə icra edib. 
 
Bakı şəhərində həyata keçirilən “Azərbaycanın Tarixi Sərkərdələri və Generalları Sənədli Filminin hazırlanması və təqdimatı” layihəsinin məqsədi Azərbaycanın hərb tarixinin qədim və müasir elementləri birləşdirərək Azərbaycanın qəhrəman sərkərdə və generalları haqqında maraqlı faktları və məlumatları, qəhrəman ulu babalarımızın və müasir generallarımızın keçdiyi şərəfli ömür yolunu ən müasir texnologiya ilə Azərbaycan kinematoqrafiya tarixində ilk dəfə olaraq hazırlanacaq 30 dəqiqəlik sənədli film vasitəsi ilə ictimaiyyətə təbliğ etmək və gənclərin vətənpərvərlik ruhunu daha da gücləndirməkdir.
 
Azərbaycan tarixinin qəhrəmanlıq və zəfər tarixinin səhifələrini orta əsrlərdən müasir dövrə qədər özündə əks etdirən qısa metrajlı “Azərbaycanın Tarixi Sərkərdələri və Generalları Sənədli Filmi”nin ilkin versiyası İctimai Birlik tərəfindən Sabunçu Gənclər Evində müzakirəyə çıxarılıb və gənclərin rəyləri öyrənilib.
 
Qeyd edək ki, toplanan fikir və rəylər filmin yekunlaşdırılmasında istifadə olunacaq.