Əddis-Əbəbədə Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinə həsr olunmuş tədbir keçirilib

Azərbaycanın Efiopiyadakı səfirliyi tərəfindən BMT-nin Afrika üzrə İqtisadi Komissiyasının Əddis-Əbəbə şəhərində yerləşən mənzil-qərargahında ölkəmizin Qoşulmama Hərəkatına sədrliyinə həsr olunmuş təqdimat-ziyafət keçirilib.
 
Azərbaycanın Efiopiyadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən səfir Elman Abdullayev iştirakçılara ölkəmizin Qoşulmama Hərəkatına sədrliyinin prioritetləri ilə bağlı ətraflı məlumat verib.
 
Xarici İşlər Nazirliyinin Beynəlxalq təhlükəsizlik idarəsinin rəisi Yalçın Rəfiyev çıxış edərək 2019-cu il oktyabrın 25-26-da Bakıda XVIII Zirvə Görüşünün nəticələrindən və qəbul edilmiş sənədlərdən danışıb.
 
Tədbirə fəxri qonaq qismində qatılan Afrika İttifaqı Komissiyasının sədr müavini Kvartey Tomas Kvesi Qoşulmama Hərəkatının müasir dövrdə beynəlxalq münasibətlər sistemində çoxtərəfli diplomatiyanın təşviqindəki rolundan bəhs edib, quruma sədrliyi münasibətilə Azərbaycana təbriklərini çatdırıb və uğurlar arzulayıb.
 
Digər fəxri qonaq - Efiopiyanın Xarici İşlər üzrə dövlət katibi Markos Tekle ölkəsinin Qoşulmama Hərəkatının yaranmasındakı xidmətlərindən danışıb, Efiopiyanın Bakı Sammiti zamanı qəbul edilmiş sənədlərə sadiqliyini və dəstəyini ifadə edib, tədbirin yüksək səviyyədə keçirilməsinə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib.
 
Əddis-Əbəbədə akkreditə olunmuş diplomatik korpusun rəhbərləri və təmsilçilərinin, Efiopiyanın müvafiq dövlət qurumlarının və Afrika İttifaqının rəsmilərinin, o cümlədən Afrika İttifaqının siyasi məsələlər üzrə komissarı Sessuma Minata Samatenin, habelə yerli ictimaiyyətin nümayəndələrinin iştirak etdikləri tədbirdə Qoşulmama Hərəkatının tarixini, eləcə də Bakıda keçirilmiş Zirvə Görüşünü əks etdirən fotoşəkillər nümayiş olunub.