Şuranın dəstəyilə “Qarabağ icmasının dəstəklənməsinin Azərbaycanın milli və dövlətçilik maraqları baxımından əhəmiyyəti” mövzusunda konfrans keçirilib

qhtxeber.az  “Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının fəaliyyətinin Gürcüstanda və Türkiyədə təbliği” layihəsinin icrasını yekunlaşdırırb.
 
 
Layihə çərçivəsində “Qarabağ icmasının dəstəklənməsinin Azərbaycanın milli və dövlətçilik maraqları baxımından əhəmiyyəti” mövzusunda sonuncu elmi-praktik konfrans keçirilib. 
 
Konfransın gedişində “Xocavənd rayonunun Memarlıq Abidələri” adlı sənədli film nümayiş etdirilib.
 
 
Tədbir Beynəlxalq arenada Qarabağ icmasının dəstəklənməsinin Azərbaycanın milli və dövlətçilik maraqları baxımından əhəmiyyətindən, Ermənistan hərbi təcavüzü və onun nəticələri barədə Azərbaycan həqiqətlərinin obyektiv şəkildə dünya ictimaiyyətinə çatdırılmasından bəhs edilib. 
 
 
Tədbirin məqsədi Ermənistan hərbi təcavüzü və onun nəticələri barədə Azərbaycan həqiqətlərinin obyektiv şəkildə dünya ictimaiyyətinə çatdırılması, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının fəaliyyətinin əhəmiyyətini Türkiyə və Gürcüstan ictimaiyyət nümayəndələrinə çatdırmaqdır. 
 
 
Qeyd edilib ki, Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması 1992-ci il martın 24-də ATƏM-in Nazirlər Şurasının Helsinkidə keçirilən birinci əlavə görüşündə imzalanmış sənədin 9-cu bəndinə əsasən yaradılmışdır. ATƏM  ATƏT-in Minsk qrupu təsis edilərkən Ermənistan və Azərbaycan münaqişə tərəfləri, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmasına isə münaqişənin nizama salınması istiqamətində aparılan danışıqlarda maraqlı tərəf kimi mandat verilmişdir. Bu mənada Dağlıq Qarabağın azərbaycanlı icması 1992-ci ildən başlayaraq müxtəlif vaxtlarda aparılan danışıqlarda iştirak etmişdir. 2006-cı ildə Dağlıq Qarabağın azərbaycanlı icması ictimai birlik formasında Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq Ədliyyə Nazirliyində qeydiyyata alınmışdır.  
 
 
 
Bildirilib ki, BMT Baş Assambleyanın 2008-ci il martın 14-də qəbul etdiyi qətnamə münaqişənin hüquqi, siyasi və humanitar aspektlərini əhatə edir və həlli prinsiplərini yenidən təsdiqləyir. Bu prinsiplər Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörməti, erməni qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını, işğal edilmiş ərazilərdən məcburi köçkün düşmüş insanların öz doğma yurdlarına qayıtmaq hüququnu, hər iki icmanın Azərbaycanın tərkibində muxtar idarəetmə formasına malik ərazidə birgəyaşayış şərtlərinin təmin edilməsini və ərazilərin işğalı nəticəsində yaradılmış vəziyyətin qeyri-qanuniliyini vurğulayır. Azərbaycanın bu istiqamətdə mövcud durumu və beynəlxalq səviyyədə qəbul edilən sənədlər müraciət etdiyimiz problemin ictimai əhəmiyyətini müəyyənləşdirməyə şərait yaratdı.
 
 
Azərbaycanın 20% torpaqlarının Ermənistanın işğalı altında olması bu problemin aktuallığını önə çəkir. Ermənistan destruktiv siyasəti ilə problemin mərhələli şəkildə tənzimlənməsinə mane olur və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın beynəlxalq sərhədləri və ərazi bütövlüyü çərçivəsində həll edilməsini rədd edir. Hazırda dünya birliyi Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü birmənalı şəkildə tanıyır və dəstəkləyir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev açıq bəyan edib: “Azərbaycanın ərazi bütövlüyü danışıqların mövzusu deyil və heç vaxt olmayacaq. Azərbaycan bu mövqedən bir addım belə geri çəkilməyəcək. Yəni, Azərbaycanın ərazi bütövlüyü məsələsində heç bir güzəşt olmayacaq”.