İşçi götürəndə ayrı-seçkilik edənləri hansı cəza gözləyir?

Məlumdur ki, yaşı 30- u keçmiş qadınlar iş axtararkən onlara təklif edilən vakant yerlər bir çox hallarda xidmətçilik, süpürgəçilik, qabyuyanlıq vəzifəsindən başqa bir iş olmur. Daha düzü yaş tələbini işə götürən özəl şirkət özü müəyyən edir. Əks halda qadın işə qəbul edilmir.
 
Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin mətbuat katibi Aynur Osmanqızı Sonxeber.az-ın suallarını cavablandırıb: "Öncə qeyd edim ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsində qeyd edilib ki, işəgötürənin əsas vəzifələrindən biri də cinsindən asılı olmayaraq, eyni işlə məşğul olan işçilərə eyni iş şəraitini yaratmaq, eyni pozuntuya görə işçilərə fərqli intizam tənbehi tədbirini tətbiq etməmək, cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin və seksual qısnamanın qarşısını almaq üçün lazımi tədbirlər görməkdir".
 
Aynur Osmanqızı deyib ki, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi və hüquqların məhdudlaşdırılması qadağandır. İşçilər arasında belə ayrı- seçkilik salan fiziki şəxs, işəgötürən məsuliyyət daşıyır. Ayrı-seçkiliyə məruz qalan işçi isə pozulmuş hüququnun bərpa edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər: "Məcəllədə bildirilir ki, əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi qadağandır. Həmin amillər zəmnində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır. Əmək münasibətləri prosesində işçilər arasında qeyd olunan ayrı-seçkiliyə yol verən işəgötürən və ya digər fiziki şəxs qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq məsuliyyət daşıyır".
 
Aynur Osmanqızı həmçinin bildirib ki, qadınlara, əlilliyi olanlara, yaşı 18-dən az olan və sosial müdafiəyə ehtiyacı olan digər şəxslərə əmək münasibətlərində güzəştlərin, imtiyazların və əlavə təminatların müəyyən edilməsi Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun olaraq ayrı-seçkilik hesab edilmir.