QHT sədri jurnalistlər üçün təlim keçdi

Bakıda jurnalistlər üçün "Travma hadisələrinin işıqlandırılmasında beynəlxalq praktika" mövzusunda təlim başlayıb. APA TV-nin xəbərinə görə, 3 gün davam edəcək təlimlərdə müxtəlif yerli və beynəlxalq jurnalistlər, QHT nümayəndələri və sosial işçilər iştirak edir.
 
 Təlimlərdə iştirak etmək üçün Bakıda səfərdə olan keçmiş müxbir, "The Baltimore Sun" qəzetinin redaktoru və təlimçi Arnold R. İsaaks travmatik hadisələrin işıqlandırılması, zorakılıq qurbanları ilə müsahibə qaydaları və əlaqədar mövzuların yazılmasına dairöz təcrübələrini bölüşüb, jurnalistlərlə birlikdə həmin hadisələri canlandırıb. 
 
Daha sonra Azərbaycan QHT Alyansının Uşaq Hüquqları üzrə milli koordinatoru Nabil Seyidov təlimi "Uşaq hüquqları: çağırışlar və hədəflər" mövzusunda davam etdirib. Jurnalistlər isə bu təlimlərin faydalı olduğunu, Azərbaycanda bu sahədə çatışmazlığın müşahidə edildiyini vurğulayıblar. Jurnalist Raminə Eyvazqızı bu təlimlərin Azərbaycan mediası üçün çox vacib olduğunu bildirib: "Ona görə ki, hazırda Azərbaycanda jurnalistlər həssas qruplar üçün bu cür xəbərlərin verilməsində bir qədər diqqətli olmalıdırlar. Çox təəssüflər olsun ki, bəzən bu xəbərlər naşı şəkildə, qeyri-peşəkar səviyyədə hazırlanır, bu da həmin həssas qrupların gələcəyi üçün problemlər yaradır". Jurnalist Ləman Mustafaqızı təlimlərdən çox şey öyrənəcəyinə ümid edir: "Düşünürəm ki, günün ikinci yarısı və sabah daha ətraflı öyrənəcəyik. 
 
 
Çünki proqramda var ki, bu mövzularda bizə sərbəst mövzular veriləcək. Yazılmış mövzudan sonra hər bir şəxsin yazıları müzakirə ediləcək. Bizim orada nöqsanlarımız, yaxud müsbət hallar qiymətləndiriləcək. Bu sahədə işlədiyim üçün mənə çox maraqlıdır. Belə təlimlərin daha çox olmasını istəyərdim". Qeyd edək ki, təlimlər Bakı və Mingəçevirdə baş tutacaq. Təlimlərin informasiya dəstəyi "APA-Holding"ə məxsusdur.