Şura “S. Orbelianın XIII əsr alban abidəsi olan “Sünik tarixi” kitabının Azərbaycan dilində nəşri”ni dəstəkləyir

Azərbaycan Qaçqınlar Cəmiyyətinin və Qərbi Azərbaycan İcması Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “S. Orbelianın XIII əsr alban abidəsi olan “Sünik tarixi” kitabının Azərbaycan dilində nəşri” layihəsini icra edir.
 
Layihə çərçivəsində Qafqazın tarixinə dair unikal mənbələrdən biri olan 13-cü əsr alban tarixçisi Stepan Orbelianın “Sünik tarixi” kitabının təqdimat mərasimi keçirilib. 
 
Tədbirdə Azərbaycan Qaçqınlar Cəmiyyətinin və Qərbi Azərbaycan İcmasının nümayəndələri, QHT rəhbərləri, alimlər, media nümayəndələri iştirak ediblər.
 
Tədbiri giriş sözü ilə açan Azərbaycan Qaçqınlar Cəmiyyətinin və Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli kitabın tarixi əhəmiyyətindən bəhs edərək onu ermənilərin Azərbaycana qarşı dünyada apardığı ideoloji mübarizənin bünövrəsində dayanan saxta erməni tarixi konsepsiyasını alt-üst edən bir mənbə kimi dəyərləndirib. O, bu günə qədər Azərbaycan tarixşünaslığında tam şəkildə elmi dövriyyəyə daxil edilməmiş bu mənbəni tariximizin alban dövrünə aid möhtəşəm abidə adlandırmış, əsərin məzmunu və strukturu haqqında geniş məlumat verib.
 
Tədbirdə professor İbrahim Bayramov, dosent Cəlal Allahverdiyev, QHT rəhbərləri Səməndər Mehdiyev, Cəmilə İsbəndiyarova, Qərbi Azərbaycan İcmasının sədr müavini Fəqan Bəhrəmov, Əbdüləli Həsənov, Bilal İsmayılov və başqaları çıxış ediblər.