Şuranın dəstəyilə “İmadəddin Nəsimi – 40 qəzəl” adlı kitabın və qəzəllərin səsləndirildiyi audiodiskin təqdimatı keçirilib

qhtxeber.az  "Kitab Evi" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşdırdığı “İmadəddin Nəsiminin farsca şeirlərinin Azərbaycan dilinə tərcüməsi və nəşri” layihəsi çərçivəsində “İmadəddin Nəsimi – 40 qəzəl” adlı kitabın və qəzəllərin səsləndirildiyi audiodiskin təqdimatını keçirib. 
 
Təqdimat şairin Azərbaycan oxucusu üçün yeni olan qəzəllərindən bir neçəsinin səsləndirilməsi ilə açılıb.
 
Layihənin rəhbəri "Kitab Evi" İctimai Birliyinin sədri, filologiya üzrə fəlsəfə doktoru Adilə Nəzərova tədbir iştirakçılarını salamlayıb, bu məsuliyyətli layihənin uğurlu nəticəsinə sevindiyini bildirib və kitab haqqında yığcam məlumat verib. A. Nəzərova dövlət başçısı cənab İlham Əliyevin sərəncamı ilə elan edilmiş "Nəsimi İli"ndə respublikada keçirilən tədbirlərin əhəmiyyətindən bəhs edərkən bu layihəni dəstəkləyən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına minnətdarlığını bildirib və "Kitab Evi" İctimai Birliyinin həyata keçirdiyi layihəni “Nəsimi ili”nə dəyərli töhfəsi olduğunu qeyd edib. 
 
Layihə rəhbəri vurğulayıb ki, Nəsimi Azərbaycan poeziyasının korifeyləri Həsənoğlu, Məhsəti, Xaqanidən  sonra doğma türk dilində yazmaqla dilimizi orta əsrlərdə Şərqin elm və poeziya dili hegemonları olan ərəb və fars dillərinin səviyyəsinə qaldırıb. Dilimizin poetik imkanlarını öz dərin təfəkküründən gələn ifadə tərzi ilə zənginləşdirib. Bu baxımdan Nəsimini özündən sonrakı əsrlərin poeziya nəhəngi Füzulini yetişdirmiş türkdilli ədəbi mərhələnin banisi saymaq olar. 
 
A. Nəzərova qeyd edib ki, Nəsimi yaradıcılığının əsas mövzuları insanın, kainatın və Allahın dərkidir. O, sufizm fəlsəfi cərəyanının hürufi qolunu inkişaf etdirməklə insanın dünya və kainatla vəhdətini göstərir, insan ruhunun kamilləşməsinə aparan yolu izah edir. Nəsimi yaradıcılığının ana xətti insanın Allahla eyniləşdirilməsi və ilahiliyi ideyasından keçir. Bu düşüncəsini şair mükəmməl poeziya nümunələrində misilsiz bir ustalıqla açıqlayıb.
 
Təqdimatda alimlər, şairlər, yazıçılar və media nümayəndələri iştirak ediblər. Kitabın redaktoru və ön sözün müəllifi tarixçi alim, şair Şahin Fazil tərcümə olunan qəzəlləri yüksək qiymətləndirib, qəzəllərin orijinal mətninin, sətri tərcüməsinin və bədii tərcüməsinin bir yerdə verilməsinin məqsədəuyğun olduğunu bildirib. Sonra qəzəlləri farscadan tərcümə edən Dalğa Xatınoğlu çıxış edərək Nəsiminin hürufizmi inkişaf etdirməklə insan ruhunun kamilləşməsinə aparan yolu izah etdiyini bildirib.
 
Yazıçılardan Səfər Alışarlı, Fazil Güney,  Məti Osmanoğlu, akademik Hümeyir Əhmədov, yazıçı, tanınmış jurnalist Elçin Alıoğlu, İlqar Türkoğlu, İlahə Bayandur, Əli Şamil, Əkbər Qoşalı, Aləm Kəngərli, Mübariz Məsimoğlu, Əntiqə Qonaq mövzu ilə bağlı çıxış ediblər. Onlar İ.Nəsiminin əxlaqi-didaktiv görüşlərini, dini-fəlsəfi baxışlrını tərənnüm edən qəzəllərindən bəhs ediblər, şairin əsərlərində ana xətt olan insan, kainat və bütövlükdə varlığın Allahla vəhdətdə olması ideyasından danışıblar.
        
Tədbir iştirakçıları İ. Nəsiminin fars dilindən tərcümə edilmiş qəzəlləri yüksək qiymətləndiriblər. Bu qəzəllərin səsləndiyi diski, qəzəllərin Yutuba yüklənməsini şairin yeni əsərlərinin Azərbaycan ictimaiyyətinə çatdırılması üçün mühüm rol oynayacağını vurğulayıblar.