Şuranın dəstəklədiyi layihə yekunlaşıb

qhtxeber.az  “Uşaq və Gənclərin İnkişafına Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə həyata keçirdiyi “Uşaqlara qarşı Zorakılıqsız Həyat” adlı maarifləndirmə kampaniyasının təşkili layihəsi çərçivəsində Bakı, Ucar, Zərdab, Hacıqabul və Neftçalada maarifləndirmə tədbirləri keçirilib. 
 
Həmin tədbirlərdə rayon icra hakimiyyətinin nümayəndələri, uşaqlar, müəllimlər və valideynlər olmaqla, ümumilikdə 350-dən çox insan iştirak edib.
 
Tədbirlərdə layihənin eksperti Əhməd Mansurov layihənin məqsədi, vəzifələri, bu istiqamətdə görülən işlər haqqında məlumat verib və layihənin icrasına dəstək göstərdiyinə görə Şuraya, tədbirin təşkilinə şərait yaratdığına görə isə icra hakimiyyətlərinə minnətdarlığını bildirib.
 
Ekspert uşaq hüquqları sahəsində beynəlxalq və milli qanunvericilik, uşaqlara qarşı zorakılığın yolverilməzliyi, zorakılığın yaratdığı fəsadlar, zorakılığa məruz qalan uşaqların reabilitasiyasının zəruriliyi, uşaqlara zorakılıq halları ilə üzləşdikdə hansı qurumlara və qaynar xətt nömrələrinə müraciət etmələri  və digər bu kimi məsələlər barədə ətraflı məlumat verib.
 
Uşaq Hüquqları Konvensiyasında təsbit olunmuş hüquqlar və bu hüquqlarının müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlər haqqında iştirakçılar məlumatlandırılıb. 
 
Uşaqların müdafiə, yaşamaq, inkişaf və iştirak hüquqlarına toxunan ekspert dövlətimizdə uşaq müdafiə sistemi haqqında iştirakçıları məlumatlandırıb. 
 
Tədbir zamanı iştirakçılar öz fikirlərini bildirib, səmərəli müzakirələr aparılıb və uşaqların çoxsaylı sualları cavablandırılıb.