İstanbulda konfrans: "Azərbaycan Respublikasının xarici siyasəti"

Noyabrın 14-də Istanbulda Marmara Universitetində "Azərbaycan Respublikasının xarici siyasəti" mövzusunda konfrans keçirilib.
 
qhtxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahim, Marmara Universitetinin rektoru professor Erol Özvar, Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil üzrə müşaviri Nəcibə Nəsibova iştirak ediblər.
 
E. Özvar öz çıxışında Türkiyə-Azərbaycan əlaqələrindən danışıb.
 
Azərbaycanın xarici siyasətini müəyyən edən əsas amillərdən söhbət açan səfir ilk olaraq Azərbaycanın çoxmillətli, tolerant və multikultural ölkə olmasını diqqətə çatdırıb. X.İbrahin deyib: "Bu, Azərbaycanı bir çox digər ölkələrdən fərqləndirən xüsusiyyətlərdəndir. Azərbaycan hər zaman dünyəvi dövlət olub, əsirlər boyu müxtəlif xalqların nümayəndələri burada rahat şəkildə yaşayıb. Eyni zamanda, təbii sərvətlərin zənginliyi səbəbindən ölkəmiz hər zaman böyük dövlətlərin maraq dairəsində olub. Bu da Azərbaycanın xarici siyasətinə öz müsbət təsirini göstərib".
 
Digər əsas daxili faktorlardan birinin insan potensialı olduğunu deyən səfir qeyd edib ki, Azərbaycanda tarix boyu təhsilə yüksək önəm verilib. Azərbaycan müsəlman şərqində yaradılmış ilk demokratik respublikasıdır. Həmin mürəkkəb dövrdə bu çətin işin öhdəsindən dövlətinin başında duran insanların yüksək təhsilli olmaları sayəsində gəlmək mümkün olub.
 
X. Ibrahim ümumilikdə götürüldükdə xarici siyasətə təsir göstərən ən mühüm amillərdən birinin coğrafi mövqe olduğunu vurğulayaq deyib: "Coğrafi baximdan Azərbaycan tarix boyu digər dövlətlərin diqqətini çəkib. Tarix boyu Azərbaycanın ətrafında böyük imperatorluqlar, savaşlar olub. Coğrafiya və tarixi bir araya gətirdikdə isə burada erməni faktoru ortaya çıxır. Bildiyiniz kimi, Ermənistan Azərbaycan torpaqlarının 20 faizini uzun illərdir işğal altinda saxlayır. Bu səbəbdən Azərbaycan öz təbii qaynaqlarının bir hissəsindən istifadə edə bilməyib. Hazırda bizim üçün əsas məsələ ən əsası ölkəmizin torpaq bütünlüyünün bərpasıdır".
 
Bu gün Azərbaycanın siyasi-iqtisadi, hərbi baxımdan çox güclü ölkə olduğunu deyən səfir qeyd edib ki, qonşu dövlətlərlə xoşməramlı münasibətlər xarici siyasətin əsasını təşkil edir. X. Ibrahim Türkiyə ilə münasibətləri buna misal çəkib: “Azərbaycanla Turkiyə arasında tarixə dayanan qardaşlıq əlaqələri var. Bu gün Azərbaycanla Türkiyə arasında hec bir mövzuda fikir ayrılığı yoxdur və hər iki ölkə başçısı eyni siyasəti dəstəkləyir. Bu da dünya üçün nümunəvi münasibətdir. Səfir, həmçinin Azərbaycanla Rusiya və Gürcüstan arasındakı sıx dostluq, əməkdaşlıq əlaqələrini də diqqətə çatdırıb.
 
Konfrans işini mövzu ətrafında sualların cavablandırılması ilə davam etdirib.