Şuranın dəstəyilə Sumqayıtda məktəb psixoloqları üçün təlimlər keçirilib

qhtxeber.az  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dəstəyi Şurasının maliyyə dəstəyilə “Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” ictimai birliyi “Sumqayıt şəhəri və yaxın bölgələrdə insan alverinə qarşı əhalinin maarifləndirilməsi, insan alverinin qurbanları və potensial qurbanlara sosial xidmətlərin təşkili” layihəsini icra edir.
 
Layihə çərçivəsində Sumqayıt şəhəri ərazisində psixoloqların maarifləndirilməsi üçün “Seminar, təlim və sənədləşmə işlərinin təkmilləşdirilməsi”, məktəbdə davamiyyəti zəif və öyrənmə çətinliyi olan uşaqlarla fərdi işin təşkili, risk qrupuna daxil olan valideynlərə uşaqları ilə birlikdə psixoloji, pedaqoj və fərdi inkişaf planının hazırlanması sahəsində psixoloqlara dəstək göstərilir. 
 
Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdiri Arzu Əlizadənin təşəbbüsü ilə Sumqayıt Şəhər Təhsil Şöbəsinin inspektoru Səxavət Qənbərov, “Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” ictimai birliyinin sədri Zenfira Mustafayeva ilə birlikdə görüşlər keçirilib və birgə fəaliyyət planı hazırlanıb.
 
Bu fəaliyyət planına əsasən Sumqayıt şəhəri 11 nömrəli orta məktəbdə məktəb psixoloqları üçün təlim keçirilib. Təlimin keçirilməsində əsas məqsəd psixoloqların məktəblərdə risk qrupuna daxil olan uşaqlarla işin təşkili bacarıqlarının artırılması, bu uşaqların valideynləri ilə münasibətlərinin düzgün qurulması, müəllim-valideyn-şagird üçbucağının yaradılması, təhsildən geri qalmış uşaqların diqqət mərkəzində saxlanılması və onlarla işin təşkili bacarıqlarının artırılması olub.
 
Təlimçi Vüsalə Əmraslanova iki gün ərzində 40-dan çox məktəb psixoloqlarına bu sahədə fəaliyyətin daha da yaxşılaşdırılması üçün bilik və bacarıqların artırılmasında dəstək olub.
 
Sonda hər bir psixoloqa müvafiq materiallar və sənədlər paylanılıb. İki günlük təlimin nəticəsi olaraq psixoloqlara müvafiq sertifikatlar verilib. Təlimin yekununda təşkil olunmuş qiymətləndirməyə əsasən müəyyən edilib ki, iştrakçıların hamısı təlimin təşkilini, təlimçinin bu sahədə bilik və bacarıqlarını yüksək qiymətləndirblər.