Naxçıvanda Bakıdan gələn Həkim Briqadası tərəfindən Praktiki Master Klass keçirilib

qhtxeber.az  Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi, Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası (HXRA) və Azərbaycan Respublikası Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Hematologiya kafedrası ilə sıx əməkdaşlıq edərək Naxçıvan Muxtar Respublikasının Babək, Culfa, Kəngərli, Naxçıvan, Ordubad, Sədərək, Şahbuz, Şərur rayonlarında fəaliyyət göstərən tibb mütəxəssisləri üçün Hemofiliyaya dair I-ci Regional Konfrans təşkil edilib.
 
HXRA Azərbaycanda qanaxma pozğunluğu olan xəstələrin müalicəsi və qayğısında fəaliyyət göstərən ixtisaslaşmış ortopedik cərrahları, hematoloqlar və fizioterapevtləri bir yerə toplayır. 
 
Konfransın proqramında əsas sahələri əhatə edən ortoped və fizioterapevt tərəfindən hemofiliyaya kompleks yanaşma ilə əzələ-dayaq sisteminə aid və hemofiliyanın ağırlaşmalarına dair təqdimatlar olub. Konfransda iştirak üçün Bakıdan 6 nəfərdən ibarət mütəxəssislər (Gülnarə Hüseynova-Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri; Sənan Aşirov-Bakı Sağlamlıq Mərkəzinin ortopediya şöbəsinin müdiri, ortoped-cərrah; Günel Əlizadə-Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Əziz Əliyev ad. DHTİ hematologiya kafedrasınin  assistenti; Yeganə Əzizova-Mir Qasımov adına Respublika Kliniki Xəstəxanasının Fizioterapiya şöbəsinin müdiri; Sevil Cəlilova-Respublika Talassemiya Mərkəzinin hematoloqu; Mədinə Hüseynova-Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının baş əlaqələndiricisi) çıxış ediblər. 
 
Konfransdan sonra Naxçıvan Respublika Kliniki Xəstəxanasının hematologiya şöbəsində hemofiliyalı vətəndaşların müayinələri aparılıb. Şöbənin müdiri Dr. Xalidə Bağırovanın rəhbərliyi altında master klass keçirilib. Bakı Sağlamlıq Mərkəzinin Ortopediya və Travmatologiya şöbəsinin müdiri Dr. Sənan Aşirov bir hemofiliyalı xəstənin diz oynağına punksiya əməliyyatı edərək qansızma nəticəsində əmələ gələn hemartrozu aradan qaldırıb. Hematoloqlar və fizioterapevtlər təcrübə mübadiləsi aparıblar. Həkimlər və tibb bacılarından ibarət briqada öz işini müvəffəqiyyətlə başa çatdırıb. 
 
Bu tədbir mütəxəssislər arasında körpünü təmin edib, bu sahədə ən yaxşı və parlaq yeni yanaşmalar nümayiş etdirilib.
 
Qeyd edək ki, Naxçıvan MR-da 74 nəfər hemofiliyalı və digər laxtalanma pozğunluğu ilə vətəndaş qeydə alınıb.