“Karyeranı bizimlə qur”

qhtxeber.az  Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) tələbələrə karyera planlamasına dair seminar keçirilib.
 
qhtxeber.az-a daxil olan məlumata görə, seminarda təhsil müəssisəsinin Tədris işləri üzrə prorektoru Anar Hətmov ADAU-da karyera məkəzinin yaradıldığını diqqətə çatdırıb: “Bu gün tələbələrin karyerası, gələcəyini qurması əsas məsələlərdən biridir. Bu mərkəz tələbələrin gələcəkdə uğurlu karyera qurmalarına yardım edən struktur bölmədir. Mərkəzin fəaliyyətinin əsas istiqaməti tələbələrin və məzunların məğulluğunun təmin olunmasına dəstək göstərmək və kömək etməkdir”. 
 
Karyera mərkəzinin direktoru Anar Abbasov mərkəzin fəaliyyət istiqamətlərindən, mərkəzləşdirilmiş məlumat bazasının yaradılmasından, işlə bağlı müraciətlərin idarə olunmasından, uğur əldə etmiş iş adamları ilə görüşlərin təşkilindən, peşəkar məsləhətlərinin verilməsindən, universitetdaxili və xarici qrumlarla münasibətlərdən danışıb, CV-lərin düzgün hazırlanma qaydalarını izah edib. 
 
ADAU-nun məzunu, "Gələcəyə Körpü" Gənclər İctimai Birliyinin icraçı direktoru Hüseynxan Hacızadə isə karyera qurmasında əldə etdiyi təcrübəni tələbələrlə bölüşüb, ictimai fəaliyyət sahəsində xüsusi olaraq fərqləndiyinə görə gənclər üçün prezident mükafatı ilə təltif edildiyini söyləyib: “Mənə verilən bu mükafat ictimai fəallığımı motivasiya edən və daha aktiv fəaliyyətə dəstək olan ən böyük dəyərdir. Bu günə qədər 100-ə yaxın yerli, regional və beynəlxalq layihələrdə iştirakçı və təşkilatçı kimi fəaliyyət göstərmişəm. Azərbaycanda keçirilən 20-yə yaxın beynəlxalq layihədə ölkəmizi yüksək səviyyədə təmsil etmişəm. Mən bu günün tələbələrinə də gələcək karyerasında daha fəal və diqqətli olmağı tövsiyyə edirəm”.
 
Qeyd edək ki, bu qəbildən olan seminarlar mütəmadi keçiriləcək və tələbələrə məqsədlərinin reallaşması üçün hərtərəfli dəstək göstəriləcək.