Şuranın dəstəyilə milli maraqların müdafiəsi mövzusunda layihə yekunlaşıb

qhtxeber.az  Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Müasir Gənclərin İnkişafına Dəstək” ictimai birliyi “Milli maraqların müdafiəsində sosial şəbəkələrin rolunun artırılması” layihəsinin icrasını yekunlaşdırıb.
 
Layihə çərçivəsində Astara Rayon İcra Hakimiyyətiinin təşkilati dəstəyilə Astara rayon Mərkəzi Kitabxanasında yekun tədbir keçirilib. Tədbirdə Astara Rayon İcra Hakimiyyətinin əməkdaşı Tural Eyvazov, rayonun ictimai-fəal gəncləri,gənc müəllimləri, Astara pedaqoji Kollecin tələbələri iştirak ediblər.
 
Tədbiri giriş sözü ilə açan Astara Rayon İcra Hakimiyyətinin əməkdaşı Tural Eyvazov belə aktual və həssas mövzuda layihənin Astara rayonunda keçirilməsinə görə təşkilata öz adından və gənclər adından təşəkkür edib. O, nitqində ölkədə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ən son genişmiqyaslı layihələr haqqında, eləcə də Astara Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilən tədbirlər haqqında məlumat verib. 
 
"Müasir Gənclərin İnkişafına Dəstək” ictimai birliyinin sədri Mehman Əliyev donor və təşkilatın fəaliyyəti haqqında tədbir iştirakçılarına məlumat verib. O, layihənin əsas məqsədinin sosial şəbəkələrin imkanlarından istifadə edərək milli maraqların müdafiə olunmasında hər bir kəsi fəal iştirak etməyə təşviq etmək olduğunu bildirib.
 
Layihənin eksperti Elbəy Fətəliyev sosial şəbəkələr və vətəndaş cəmiyyəti, sosial şəbəkələrdən istifadənin müsbət və mənfi tərəfləri, milli maraqlarımıza zidd və dini radikalizmi təbliğ edən sosial şəbəkə istifadəçilərinə qarşı mübarizə tədbirləri, eləcə də milli maraqlarımızın müdafiə olunmasında sosial şəbəkələrin imkanları və təsiri haqqında iştirakçıları ətraflı məlumatlandırıb.
 
İştirakçılardan Vəfa Nəzirova, Aynur Əskərova və Nahid Cəfərov çıxış edərək milli maraqların müdafiə olunmasında gənclərin üzərinə daha böyük vəzifələrin düşdüyünü, sosial şəbəkələr üzərindən müstəqil və qüdrətli dövlətimizin maraqları naminə anti-Azərbaycan  çağırışları edən radikal qüvvələrə qarşı mübarizə aparmağın olduqca əhəmiyyətli olduğunu vurğulayaraq fəaliyyət göstərdikləri və təhsil aldığı müəssisələrdə bu istiqamətdə təbliğati işləri aparacaqlarını bildiriblər. 
 
Qeyd edək ki, layihə ümumilikdə cənub zonası üzrə 8 rayonu (Biləsuvar, Lənkəran, Lerik, Cəlilabad, Salyan, Masallı, Yardımlı, Astara) əhatə edib.