Azərbaycanın ən effektiv bərpa olunan enerji mənbəyi açıqlanıb

Azərbaycan uyğun bir coğrafi məkanda yerləşir və bu, ölkənin külək enerjisi potensialını inkişaf etdirmək üçün böyük imkanlar yaradır.
 
"APA-Economics"in məlumatına görə, bu barədə Asiya İnkişaf Bankı (AİB) tərəfindən maliyyələşdirilən "Elektrik Enerjisi Sektorunun Maliyyə Bərpası Planının hazırlanması" texniki yardım layihəsi çərçivəsində keçirilən "Jurnalistlər üçün biliklər və anlayışlar" adlı təlim zamanı bildirilib.
 
Məlumata əsasən, bu günə olan göstəricilərə görə, Azərbaycanda illik orta külək sürəti saniyədə 8,08 metrə çatdığı halda, Abşeron yarımadası və Naxçıvan Muxtar Respublikası kimi coğrafi bölgələrdə külək enerjisi sıxlığı 920 vatt kvadrat metr təşkil edə bilir.
 
“Səthi düz olmayan ərazilərin külək turbinlərinin effektivliyi üçün maneə yaratdıqları məlumdur. Xəritədən də göründüyü kimi, Azərbaycanda düzənlik relyefə malik bəzi ərazilər mövcuddur ki, onlar yaxşı enerji generasiyası potensialına sahibdirlər. Digər tərəfdən, dağlıq ərazilər quraşdırma və maddi-texniki baza nöqteyi-nəzərdən daha az cəlbedicidir. Bununla belə, hökumət bu spesifik məsələlərdə nailiyyətlər əldə edir”, - təlimdə bildirilib.
 
Təlim zamanı qeyd edilib ki, Azərbaycanın ən effektiv bərpa olunan enerji mənbələrindən biri yenə də günəş enerjisi olaraq qalır: “Ölkə bu bölgənin digər hissələrinə nisbətdə daha böyük günəş enerjisi potensialına malikdir. Naxçıvandakı günəş enerjisi müəssisəsi ildə 1 800 kVt-saat günəş enerjisi istehsal edirsə, bu göstərici Azərbaycanın digər bölgələri üzrə illik 1 300 kVt-saatdır”.