Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov müsabiqə mövzuları və şərtləri barədə məlumat verib

qhtxeber.az  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) ilə birgə həyata keçirdiyi 2020-ci ildə qeyri-hökumət təşkilatları (QHT) layihələrinin maliyyələşməsi ilə bağlı qrant müsabiqəsinə dair məlumatlandırma görüşü təşkil olunub.
 
 
SHXÇDX-nin aparatında keçirilən görüşdə xidmətin Həqiqi Hərbi Xidmətə Çağırış Baş İdarəsi rəisinin müavini, polkovnik Azər Babayev gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində görülmüş işlərdən danışıb, bu istiqamətdə QHT-lərlə birgə həyata keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıb. Qrant müsabiqəsinin hərbi vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi üçün səmərəli platforma olduğunu deyib. Müsabiqənin “Azərbaycançılıq və hərbi vətənpərvərlik ideyalarının təbliği”, “Çağırışaqədərki vətəndaşların hərbi xidmətə hazırlanmasına dair təşəbbüslər” kimi aktual mövzulara həsr olunduğunu və bu istiqamətlər üzrə fəaliyyət göstərən QHT-lərə müvafiq layihələrini həyata keçirməyə əlverişli imkan yaratdığını söyləyib.
 
Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov müsabiqə mövzuları və şərtləri, elektron xidmətlər barədə ətraflı məlumat verib.
Bildirilib ki, qrant müsabiqəsinin şərtlərinə əsasən QHT və layihə sənədlərinin qəbulu bu il dekabrın 2-dən elektron qaydada həyata keçirilir. Müsabiqə prosesi 4 mərhələ üzrə aparılır. Birinci mərhələ QHT və layihə sənədlərinin qəbuludur. Bu mərhələ dekabrın 30-dək müddəti əhatə edir. İkinci mərhələ QHT və layihə sənədlərinin texniki seleksiyasıdır. Bu mərhələ 2020-ci il yanvarın 13-dək davam edir. Təqdim olunan QHT və layihə sənədləri araşdırılır və layihənin qeydə alınıb-alınmaması barədə QHT-yə elektron bildiriş göndərilir. Üçüncü mərhələ qeydə alınmış layihələrin vətəndaşlar və ekspertlər tərəfindən qiymətləndirilməsidir. Bu mərhələ gələn il yanvarın 15-dən fevralın 15-dək olan dövrü əhatə edir. Bu mərhələdə qeydə alınmış layihələr Şuranın e-vətəndaş proqramı vasitəsilə vətəndaşlar və e-ekspertiza proqramı vasitəsilə ekspertlər tərəfindən elektron qaydada qiymətləndirilir. Dördüncü mərhələ isə şurada müzakirə və qaliblərin elan edilməsidir. Müsabiqənin nəticələri barədə məlumatlar 2020-ci il fevralın 25-dən sonra şuranın rəsmi saytında və digər internet resurslarında yerləşdiriləcək.
 
Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Emin Həsənli Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə ilk dəfə həyata keçirilən qrant müsabiqəsinin əhəmiyyətindən danışıb. Vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığa xüsusi önəm verən SHXÇDX-nin müsabiqə çərçivəsində vətənpərvərlik ruhunun yüksəldilməsi ilə bağlı təqdim olunan layihələrin icrasına dəstəyini əsirgəməyəcəyinə inandığını bildirib.
 
Sonda QHT təmsilçilərinin sualları cavablandırılıb.