Regionda sahibkarlar və işəgötürənlər arasında maarifləndirmə işləri aparılıb

qhtxeber.az  “Quba Regional QHT-lərin Resurs və Təlim Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş idarəsinin dəstəyi ilə “Regionda İnsan Alveri və uşaq əməyinin istismarının qarşısının alınması məqsədi ilə sahibkarlar və işəgötürənlər arasında maarifləndirmə işlərinin təşkili” layihəsini həyata keçirir.         
     
Layihənin əsas məqsədi regionda maarifləndirmə işlərini həyata keçirməklə insan alveri və uşaq əməyinin azaldılmasına nail olmaqdır. 
 
İctimai Birlik Ombudsmanın Regional Mərkəzinin rəhbəri Bəhruz Əfəndiyevin, Aparıcı məsləhətçi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Elşad Əliyevin, Dövlət Əmək Müfəttişliyinin 12 saylı region üzrə rəisi Tengiz Nəzərovun, Quba rayon polis şöbəsinin baş inspektoru Namiq Ələkbərov və digər müvafiq qrumların nümayəndələrinin iştirakı ilə seminar keçirib.
      
Seminarda uşaq hüquq və azadlıqları, insan alveri cinayəti istiqamətində müzakirələr aparılıb. Müzakirələrdə Ombudsmanın regional nümayəndəsi, Əmək müfəttişliyinin regional idarəsinin rəisi və polis əməkdaşları çıxış edərək problem haqqında geniş məlumatlar veriblər. 
İştirakçılar problemin aktuallığını xüsusi vurğulayaraq bu istiqamətdə səylərin çoxaldılmasını qeyd ediblər. Xüsusilə məktəb ilə valideyn münasibətlərinin, polisə dəstək fəaliyyətlərinin daha da gücləndirilməsi təklifləri irəli sürülüb. 
 
Tədbirdə Quba rayonunun müvafiq idarə və təşkilatlarını təmsıl edən 35 nəfər nümayəndə iştirak edib.