Müsabiqə 10 təqvim günü ərzində keçiriləcək

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində və Aran Regional İnkişaf Mərkəzində fəaliyyət göstərən biznes inkubatorlar üçün iştirakçıların seçilməsi məqsədilə müsabiqə elan edib.
 
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə müəyyən olunmuş müvafiq tədbirlərin icrası məqsədilə yaradılmış biznes inkubatorlar Quba-Xaçmaz və Aran iqtisadi rayonlarında sahibkarlıq fəaliyyətinə başlayanların təşəbbüslərinin dəstəklənməsi, yeni biznes və məşğulluq imkanlarının yaradılması, sahibkarlara göstərilən dövlət dəstəyinin gücləndirilməsi istiqamətlərində fəaliyyət göstərir. Müsabiqənin təşkilində məqsəd namizədlərin biznesin təşkili və idarə edilməsi, işgüzar əlaqələrin yaradılması sahəsində bilik səviyyəsinin, praktiki bacarıqlarının, ümumi dünyagörüşünün və zəruri olan digər keyfiyyətlərinin müəyyən edilməsi, biznes ideyaların, biznes planların, biznesin yaradılması və təkmilləşdirilməsi istiqamətində nəzərdə tutulan tədbirlərin qiymətləndirilməsidir. Müsabiqə sənədlərin qəbulu başa çatdıqdan sonra 10 təqvim günü ərzində keçiriləcək. Müsabiqədə Quba-Xaçmaz və Aran iqtisadi rayonlarına daxil olan inzibati rayonlarda yaşayan Azərbaycan vətəndaşları iştirak edə bilərlər.
 
Daha ətraflı məlumat üçün KOBİA-ya müraciət etmək olar.