AŞPA-nın 30 nəfərdən ibarət missiyası Azərbaycanda parlament seçkilərini müşahidə edəcək

Parisdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Büro iclası keçirilib.
 
qhtxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, AŞPA Büro iclasında Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı müzakirələr aparılıb.
 
Müzakirələrdə qurumdakı nümayəndə heyətimizin rəhbəri Səməd Seyidov ölkəmizdə gələn il fevralın 9-da keçiriləcək parlament seçkiləri ilə bağlı ətraflı məlumat verib. Seçki prosedur qaydaları, Azərbaycanda aparılan islahatlar haqqında danışıb. Müzakirə və məlumatlar dinlənildikdən sonra AŞPA Büro üzvləri ölkəmizdə keçiriləcək parlament seçkilərinin müşahidə edilməsi və bununla bağlı ad hoc qrupunun yaradılması ilə bağlı müsbət rəylərini bildiriblər.
 
Müzakirə edilən məsələ səsə qoyularaq yekdilliklə qəbul olunub. Beləliklə, gələn il fevralın 9-da ölkəmizdə keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün AŞPA-nın 30 üzvü, eləcə də Azərbaycan üzrə həmməruzəçilərdən ibarət müşahidə missiyası ölkəmizə gələcək.