Şuranın dəstəyilə Sumqayıt və yaxın bölgələrdə insan alverinə qarşı əhalinin maarifləndirilməsi yekunlaşıb

qhtxeber.az  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin dəstəyilə “Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İB “Sumqayıt şəhəri və yaxın bölgələrdə insan alverinə qarşı əhalinin maarifləndirilməsi, insan alverinin qurbanları və potensial qurbanlara sosial xidmətlərin təşkili" layihəsinin icrasını yekunlaşdırıb.
 
Layihənin icrası Sumqayıt şəhərini, ona yaxın 12 şəhər və rayonu əhatə edib. Layihə çərçivəsində təşkilatın ofisində müraciət edən hər bir şəxs üçün fərdi psioxoloji konsultasiyalar, hüquqi, sosial yardımlar təşkil olunur. Mərkəzin ofisində 6 gün 8 saat xidmət göstərən “Etimad” telefonu fəaliyyət göstərir. Zəng edənlərin hər birinə ilkin psixoloji, hüquqi yardımlar göstərilir.
 
Təşkilata müraciət etmiş 68 nəfərə hüquqi, 32 nəfərə psixoloji, 98 nəfərə sosial yardım göstərilib. “Etimad” telefonu vasitəsilə 44 nəfərə ilkin psixoloji və hüquqi yardım göstərilib. 
 
Layihə çərçivəsində “Dünya TV” telekanalında insan alveri, məcburi əmək mövzularında 2 saat canlı olaraq 6 televiziya verlişi nümayiş olunub. Verlişlərdə bu sahədə çalışan ekpertlər, hüquqşunaslar çıxış ediblər. Televiziya verlişlərində tamaşaçılar insan alveri, məcburi əmək mövzularında maarifləndirilib, potensial qurbanların insan alveri qurbanına çevrilməmələri üçün bu mövzuda məlumatlandırılıblar.
 
Layihə çərçivəsində məktəb psixoloqları üçün “Risk qrupuna daxil olan uşaqlara psixoloji yardımın göstərilməsi” mövzusunda təlimlər keçirilib. Təlimlərdə 40 nəfər psixoloq iştirak edib. Təlimlərin keçirilməsində əsas məqsəd psixoloqların məktəblərdə risk qrupuna daxil olan uşaqlarla işin təşkili bacarıqlarının artırılması, bu uşaqların valideynləri ilə münasibətlərinin düzgün qurulması, müəllim-valideyn-şagird üçbucağının yaradılması, təhsildən geri qalmış uşaqların diqqət mərkəzində saxlanılması və onlarla işin təşkili bacarıqlarının artırılması olub. Təlimlər, həmçinin hüquqşunas, sosial işçi və sosial aktiv insanlar üçün də keçirilib. 
 
Təşkilat tərəfindən regionlarda insan alveri sahəsində mövcud vəziyyətin öyrənilməsi ilə bağlı sorğular təşkil edilir. Sorğular regionlarda yaşayan əhali və regionlarda fəaliyyət göstərən ictiami təşkilatlar arasında aparılır. Təşkilatın ofisində insan alverinə aid qanunvericilik, ölkədə və regionda insan alveri sahəsində olan vəziyyət barədə məlumatlar bazası hər ay yenilənərək maraqlanan hər bir şəxsin ixtiyarına verilib.
 
Qeyd edək ki, layihə çərçivəsində təşkilata daxil olan müraciətlərin çoxluğu ilə əlaqədar Quba, Xaçmaz və Biləsuvar rayonlarında səyyar xidmətlər təşkil edilib. “İnsan alveri ilə mübarizə” mövzusunda ictimai müzakirə keçirilib. Müzakirədə psixoloqlar, hüquqşunaslar, QHT nümayəndələri, icitimai aktiv şəxslər iştirak ediblər. Görüş zamanı insan alverinin əsas səbəbləri, onunla keyfiyyətli mübarizə yolları, insan alveri və risk qrupuna daxil olan şəxslər üçün keyfiyyətli xidmtələrin təşkili müzakirə olunub.