Parisdə “Azərbaycan-sivilizasiyaların kəsişməsində” sənədli filminin premyerası olub

Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində “France 2” telekanalının “İslam” verilişi tərəfindən hazırlanan “Azərbaycan- sivilizasiyaların kəsişməsində” sənədli filminin premyerası olub.
 
qhtxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, ikihissəli ekran əsərinin 1-ci hissəsi fevralın 16-da, 2-ci hissəsi isə fevralın 23-də “France 2” televiziya kanalı ilə yayımlanacaq.
 
Premyeradan əvvəl Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, “İslam” verilişinin prodüseri Celul Bequra (Djelloul Beghoura), “France Antennes”in baş katibi Antuan Buale çıxış ediblər.
 
Səfir Rəhman Mustafayev Azərbaycanda dünyəviliyin tarixindən danışıb. Azərbaycanın qadınlara ilk dəfə səsvermə hüququ verilən, ilk opera yaradılan və ilk qızlar məktəbi açılan müsəlman ölkəsi olduğunu diqqətə çatdırıb. Bildirib ki, ümummilli lider Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi bazasının təməlini qoyub. Milli azlıqlara xüsusi diqqətin göstərilməsi müxtəlif sərəncamlarla təmin olunub. Bu gün ölkəmiz beynəlxalq multikultural platformaya çevrilib. Ölkəmizdə müxtəlif dinlərin nümayəndələri birgə mehriban şəraitdə yaşayırlar.
 
Sənədli filmin çəkilişi zamanı Azərbaycanda olan C.Bequra ölkəmizin mədəni və dini zənginliyindən söz açıb. Qeyd edib ki, Azərbaycanda İslama dair sənədli film hazırlamaqda məqsəd “din xalqın opiumudur” demiş, məscidləri, kilsələri yandırmış, dağıtmış, dini qadağan etmiş sovet rejimindən xalqın öz kimliyini, dinini, dəyərlərini necə qoruyub saxladığını bilmək, Sovet İttifaqı dağıldıqdan sonra xalqın öz kimliyini, dini dəyərlərini necə bərqərar etdiyi və bu gün bunu necə həyata keçirdiyini öyrənmək olub.
 
O, filmin ərsəyə gəlməsində göstərdiyi dəstəyə görə Azərbaycanın Fransadakı səfirinə, eləcə də əməyi olan bütün şəxslərə təşəkkürünü bildirib.
 
Çıxışlarda Azərbaycanın dünyəvilik modelinin nadir olduğu vurğulanıb.
 
“Azərbaycan- sivilizasiyaların kəsişməsində” sənədli filmində ölkəmizin hələ qədim zamanlardan müxtəlif dinlərin qovuşduğu məkan olmasından danışılıb. Azərbaycanın əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olduğu, İslam dininin yayılmasında və eyni zamanda, müsəlman intibahının bərqərar olmasında mühüm rol oynadığı göstərilib. Müxtəlif dinlərə etiqad edən insanların ölkəmizdə daim sülh və əmin-amanlıq şəraitində yaşamasından söz açılıb. Tarixboyu ölkəmizdə yaşayan xalqlar arasında milli, dini ayrı-seçkilik zəminində ədavət və qarşıdurmanın olmadığı qeyd edilib.
 
Ekran əsərində Azərbaycanda fəaliyyət göstərən dini icmalar haqqında da məlumat verilib. Bildirilib ki, ən qədim kilsə Şəkidədir. Ölkəmizdə müxtəlif dinlərin nümayəndələrinin mehriban birgəyaşayış ənənəsinin qorunub saxlanmasında və möhkəmlənməsində ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri var.
 
Həmçinin filmdə ölkəmizdəki dövlət-din münasibətlərinə toxunulub. Prezident İlham Əliyevin qayğısı ilə dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsi, birgəyaşayış ənənələrinin daha da məhkəmləndirildiyi, etnik qruplara və dini icmalara dövlət qayğısının artırıldığı bildirilib.
 
Mədəniyyətlər və dinlər arasında dialoq platforması olan ölkəmizdə keçirilmiş Dünya dini liderlərinin Bakı sammitindən danışılıb.
 
Qeyd edək ki, “France 2” televiziya kanalı ilə yayımlanan “İslam” verilişinin yaradılması 1983-cü ildə “İslamı yaşamaq” (Vivre l'İslam) Assosiasiyası tərəfindən təklif olunub. Həftəlik veriliş İslam tarixini, dəyərlərini və sivilizasiyasını təbliğ edir.