İsveçrə portalında Azərbaycanda keçirilən parlament seçkiləri ilə bağlı məqalə dərc olunub

İsveçrənin www.zeitung.ch internet portalında Azərbaycanda keçirilən parlament seçkilərinə dair məqalə dərc olunub.
 
qhtxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, məqalədə seçkilərin Azərbaycan Respublikasının Konstitusiyası, Seçki Məcəlləsinə və beynəlxalq öhdəliklərinə tam uyğun olaraq keçirildiyi qeyd edilib.
 
Bildirilib ki, ölkə üzrə 5573 seçki məntəqəsi yaradılıb və seçicilərin 47,81 faizi səsvermə iştirak ediblər. Yazıda deputatlığa namizədlərin 50 faizindən çoxunu gənclərin təşkil etdiyi, onların sayının rekord həddə - 1314 nəfər olduğu, seçki prosesinin əhatəli və ədalətli təşkili, eləcə də rəqabətli mühitinin yaradıldığı xüsusi vurğulanıb.
 
Məqalədə, həmçinin qeyd olunub ki, Azərbaycanda mövcud 125 seçki dairəsindən 7-nin Ermənistanın təcavüzü nəticəsində ərazisi tamamilə, 3-nün isə qismən işğal edilmiş rayonlarda yerləşməsi səbəbindən həmin ərazilərdən didərgin salınmış məcburi köçkünlərin konstitusion səsvermə hüquqlarından istifadə etmələri üçün ölkəboyu 523 seçki məntəqəsi yaradılıb. Bu, həmçinin ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun seçki müşahidə missiyasının 2020-ci il 29 yanvar tarixli aralıq hesabatında əks olunub. Azərbaycanın işğal altındakı ərazilərindən qovulan və doğma yurdlarında səsvermədən məhrum olan məcburi köçkünlərimiz öz səsvermə hüquqlarını onlar üçün təşkil edilmiş bu seçki məntəqələrində həyata keçiriblər. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Xankəndi və Şuşa seçki dairələri üzrə rəqabətli seçkilərdə iştirak edib və beləliklə, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin seçilmiş nümayəndələrini təşkil edir. Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki erməni mənşəli Azərbaycan vətəndaşları Mərkəzi Seçki Komissiyası, eləcə də Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması tərəfindən parlament seçkilərində səsvermədə iştiraka dəvət olunublar.
 
Yazıda seçki prosesində mətbuatın fəal iştirakı xüsusi qeyd edilib. Bunun Azərbaycan dövlətinin şəffaf, demokratik seçkilərin keçirilməsi üçün ortaya qoyduğu siyasi iradənin ən bariz nümunələrindən olduğu vurğulanıb. Müəllif bildirir ki, həm beynəlxalq, həm də yerli müşahidəçilərin mütləq əksəriyyəti seçkilərin azad, demokratik və şəffaf şəraitdə keçdiyini təsdiq edib.
 
Müəllif 2019-cu ilin Azərbaycanda köklü islahatlar ili kimi yadda qaldığını, Prezident İlham Əliyevin rəhbərliyi ilə mütəmadi olaraq islahatların həyata keçirildiyi diqqətə çatdırılıb.
 
Sonda 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti dövründə ölkə ərazisində yaşayan bütün xalqların, həmçinin kişi və qadınların bərabər seçki hüququnun qanunla təsbit edilməsi barədə məlumat verilib. Vurğulanıb ki, Azərbaycan Xalq Cümhuriyyəti dönəmində bu mütərəqqi addımın atılması həmin vaxt müsəlman Şərqinin ilk müstəqil respublikasının hüquqi dövlət quruculuğu yolunda əzmlə irəlilədiyinin, həmçinin ölkədə gender bərabərliyinin təmin olunmasının bariz göstəricisidir.