Münhen Debatı və Ermənistan siyasi dairələrində həyəcan təbili

Nüşabə Məmmədova


Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında olan debat baş tutdu. Münhen Debatı bütün dünya tərəfindən izlənildi, dünya siyasətçiləri tərəfindən siyasi qiymət verildi.
 
Prezident İlham Əliyev tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin bütün tarixi, siyasi, hüquqi aspektləri  ermənilərin Dağlıq Qarabağda maddi-mədəni irsinin olmaması, Azərbaycan xalqına qarşı törədilmiş qanlı etnik təmizləmə, Xocalı soyqırımı və digər münaqişənin həlli prosesi ilə bağlı olan məqamlar açıq şəkildə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldı. Münaqişənin həlli yolu ilə bağlı Azərbaycanın mövqeyinin beynəlxalq hüquq normalarına uyğun olaraq BMT TŞ qətnamələri əsasında Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mərhələli mümkünlüyü bir daha vurğulandı.
 
Prezident İlham Əliyevin qətiyyətli mövqeyi Ermənistanın siyasi dairələrində böyük qorxu yaratdı və hər kəs öz fikirlərini müxtəlif vasitələrlə bildirməyə çalışdılar. Ermənistanın keçmiş baş naziri, deputat  Xosrov Arutyunyan, Münhen debatında münaqişənin həlli ilə bağlı Prezident İlham Əliyevin fikirlərindən narahatçılığını belə ifadə etdi: “Mən ərazi bütövlüyü prinsipinə söykənən mərhələli versiyanın yenidən yol açmasından narahatam.”
 
Məlum olduğu kimi, bu vaxta qədər Ermənistan müxtəlif bəhanələrlə Münhen formatında müzakirələrdən imtina etmişdir. Xüsusilə, Serj Sarkisyanın dövründə dəfələrlə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr təklif olunsa da, O hər zaman Münhen formatında müzakirələrdən imtina edib.  56-cı Münxen Təhlükəsizlik Konfransının nəticələrindən sonra, erməni analitikləri S.Sarkisyanı bu məsələdə haqlı hesab etdilər.  Erməni politoloqu Vaqe Ovannisyan bildirir ki, bu (Münhen debatı-N.M.) həqiqətən, Qarabağda dövlət qurmaq  və təhlükəsizlik zonası yaratmaq istəyən erməni tərəfi üçün bir tələ idi.
 
Münhen debatında Nikol Paşinyanın Prezident İlham Əliyev qarşısında aciz durumu Ermənistanda siyasi ajataj yaratdı. Ermənistan “Группа альтернативных проектов”un rəhbəri, erməni politoloq Vaqe Ovannisyan Ermənistan mətbuatında çıxış edərək, etiraf etdi ki, Prezident  İlham Əliyev “Münhen debatında öz diplomatik təcrübəsi ilə qalib gəldi,  debatdan sonra Paşinyanın komandası yerin altına girdi”.
 
Münhen debatı Ermənistanda mövcud siyasi vəziyyəti bir qədər də ağırlaşdırdı. Bu Ermənistan üçün ağır zərbə oldu.  Erməni politoloq Vaqe Ovannisyan mövcud vəziyyəti şəhr edərək yazır: “Paşinyanın faciəvi  siyasi məğlubiyyəti o deməkdir ki, ölkədə siyasi çoxluq, siyasi sistem, siyasi düşüncə yoxdur və buna görə də bu və digər məsələlərdə böyük bir uğursuzluğun qarşısını almaq üçün zəmanət də yoxdur. Bu çox ciddi narahatçılıq yaradır və bu vəziyyət ən böyük təhlükəli vəziyyətdir.  Ermənistan  bugünkü siyasi düşüncə ilə irəliləyə bilməz”.
 
Beləliklə,  Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair Münhen müzakirələrində Azərbaycan Prezidenti İlham Əliyev beynəlxalq ictimaiyyətin gözü qarşısında Ermənistanın baş naziri Nikol Paşinyanı timsalında Ermənistanı bir daha ifşa etdi. Bu,  Ermənistanın yaşadığı növbəti ağır zərbə, Azərbaycanın növbəti diplomatik qələbəsi idi.
 
Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri, 
tarix üzrə fəlsəfə doktoru