Bosniya və Herseqovinada Xocalı faciəsindən bəhs edən kitabın və eyniadlı filmin təqdimatı olub

Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində Azərbaycanın bu ölkədəki, həmçinin Serbiya və Monteneqrodakı səfirliyinin dəstəyi və təşkilatçılığı ilə Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar “Onlar heç vaxt böyüməyəcəklər” kitabının və eyniadlı filmin təqdimatı keçirilib. 
 
Müəllifi “Erməni Təcavüzünün Tanıdılması” İctimai Birliyinin sədri, jurnalist Səriyyə Müslimqızı olan kitab 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilmiş soyqırımı zamanı qətlə yetirilmiş 63 uşağın faciəli həyatından bəhs edir.
 
 
Sarayevo Beynəlxalq Universitetində təşkil olunan tədbirdə Bosniya və Herseqovina və Azərbaycandan beynəlxalq hüquq üzrə mütəxəssislər, tanınmış ictimai-siyasi xadimlər, deputatlar, qeyri-hökumət təşkilatlarının, diplomatik korpusun nümayəndələri, Srebrenitsa və Jepa anklavlarının Anaları Hərəkatının üzvləri, həmçinin KİV təmsilçiləri iştirak ediblər.
 
Konfrans Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb.
 
 
Azərbaycanın Serbiya, Bosniya və Herseqovina və Monteneqrodakı səfiri Eldar Həsənov, Sarayevo Beynəlxalq Universitetinin rektoru professor Ahmet Yıldırım, kitabın müəllifi, Xocalı soyqırımının canlı şahidi Səriyyə Müslimqızı, Sarayevo Universitetinin professoru, hüquq elmləri doktoru Edin Halapiç, professor Sabahudin Hadjialiç, əslən Xocalıdan olan Leyla Əlizadə tədbirdə çıxış ediblər.
 
 
Natiqlər çıxışlarında 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Xocalı şəhərinə qəfil hücumu nəticəsində mülki insanların, o cümlədən 63 uşağın xüsusi qəddarlıqla və amansızcasına öldürüldüyünü, bir qisminin ağır yaralandığını, əsir alınıb işgəncələrə məruz qoyulduğunu, itkin düşdüyünü xatırladaraq, bunun Ermənistanın etnik təmizləmə cinayətlərinin sistemli xarakter daşıyan zorakılıq siyasətinin bir hissəsi olduğunu, bu siyasətin əsasında azərbaycanlılara qarşı nifrəti aşılayan Njdeizm ideologiyasının dayandığını bildiriblər. Xocalıdakı hadisələrin soyqırımı cinayəti kimi tövsiyə edilməli olduğu, beynəlxalq hüquq əsasında Ermənistanın, həmçinin onun siyasi-hərbi rəhbərliyinin törətdikləri bu cinayətlərə görə məsuliyyət daşıdığı birmənalı şəkildə vurğulanıb.
 
 
Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri E.Həsənov 2013-cü il fevralın 26-da bu ölkənin Parlamentinin Xalqlar Palatası tərəfindən Xocalı qətliamı ilə əlaqədar “Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün tanınması və hörmət olunması” adlı qətnamənin qəbul edildiyini xatırladıb. O, qətnamədə Xocalıdakı hadisələrə siyasi qiymətin verildiyini qeyd edərək, bu kimi sənədlərin, çağırış və bəyanatların beynəlxalq ədalətə, sülh və təhlükəsizliyə töhfə olduğunu bildirib.
 
Sonra kitabın müəllifi jurnalist Səriyyə Müslimqızı yaşadığı acılar, zülmlər barədə tədbir iştirakçılarına məlumat verib.
 
 
Həmin gün tədbir iştirakçıları Sarayevo şəhərində Heydər Əliyev Fondunun təşəbbüsü, Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə əsaslı təmir və bərpa edilmiş “Dostluq parkı”nda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət edib, abidə önünə əklil qoyaraq faciə qurbanlarını anıblar.
 
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə çəkilmiş, Xocalıda şəhid olmuş 63 uşaqdan bəhs edən “Onlar heç vaxt böyüməyəcəklər” filmi boşnak dilində nümayiş olunub.
 
Bundan başqa, Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Sarayevo Beynəlxalq Universitetinin sərgi zalında foto və rəsm sərgisi təşkil olunub.