Tələbələr üçün olimpiada təşkil olunacaq: “Gələcəyə addım”

AMEA-nın Geologiya və Geofizika İnstitutunun (GGİ) Gənc Alimlər və Mütəxəssislər Şurası tələbələr üçün “Gələcəyə addım” devizi altında geologiya və geofizika üzrə ümumrespublika olimpiadası keçirəcək.
 
İnstitutdan AZƏRTAC-a bildirilib ki, AMEA-nın 75 illiyinə həsr olunmuş olimpiadanın final mərhələsi mayın 27-də reallaşacaq. Müsabiqənin keçirilməsində məqsəd ölkənin ali və orta ixtisas təhsil müəssisələrinin III-IV kurs tələbələrinin, eləcə də I-II kurs magistrantların bilik səviyyələrini qiymətləndirmək, həmçinin gələcək peşəkar fəaliyyətlərində elmə üstünlük vermələrini stimullaşdırmaqdan ibarətdir.
 
İki mərhələdən ibarət olimpiada Geologiya və Geofizika İnstitutunda təşkil ediləcək. Birinci mərhələdə iştirakçılar 2 mövzunun izahlı cavabından ibarət esse (Azərbaycan və ya rus dilində, 4 A4 səhifəsindən çox olmamaq şərti ilə) hazırlamalıdırlar. Qiymətləndirmədən sonra final mərhələyə yüksələn esse müəllifləri geologiyaya və geofizikaya dair 20 sualı test üsulu ilə cavablandıracaqlar. Ən yüksək bal toplayan tələbələr müsabiqənin üç nominasiyası üzrə qalib sayılacaqlar. Qaliblər mükafatlandırılacaq. Həmçinin finalçılar üçün palçıq vulkanına elmi ekskursiyanın təşkili də nəzərdə tutulur.
 
Xatırladaq ki, GGİ-də fəaliyyət göstərən Gənc Alimlər və Mütəxəssislər Şurası məktəblilər üçün ilk olimpiadanı 2013-cü ildə təşkil edib.