Gənclərdən bahar sovqatı sevinci

qhtxeber.az  Ölkədə koronavirusun yayılmasının qarşısının alınması məqsədilə hökumət tərəfindən atılan ardıcıl addımlar çərçivəsində kütləvi tədbirlərin, o cümlədən Novruz şənliklərinin ləğv edilməsi fonunda region gəncləri milli adət-ənənələrin təbliği və həssas əhali kateqoriyasına daxil olan ailələrə qayğı kontekstində maraqlı təşəbbüsə start veriblər.
 
Milli Novruz adətlərindən biri olan “papaqatdı” ənənəsi ölkənin müxtəlif regionlarında yaşayan gənclər tərəfindən fərqli formada - “Bahar xurcunu” adı ilə həyata keçirilir. 
 
10-20 mart tarixləri arasında davam edəcək təşəbbüsdə 27 rayondan olan gənclər iştirak edəcəklər.
 
Təşəbbüs çərçivəsində Bakıdan Xaçmaz gənclərinə göndərilən Novruz sovqatları ilə dolu ilk xurcun Xaçmaz gəncləri tərəfindən rayonda yaşayan  aztəminatlı ailələrdən birinə təqdim edilib. Daha sonra gənclər boşalmış xurcunu yerli nemətlərlə dolduraraq Qusar gənclərinə ötürüblər. Bu qayda ilə müxtəlif rayonlarda yaşayan aztəminatlı ailələr Novruz bayramı ərəfəsində qonşu regionların yerli nemətləri ilə tanış olur, həmçinin gənclərlə xoş və maraqlı vaxt keçirirlər.
 
“Bahar xurcunu” 10 gün ərzində ölkənin bir çox rayonlarını dolaşaraq Novruz bayramı axşamı son təyinat məntəqəsi olaraq Lənkərana təşrif buyuracaq və bu şəhərdə yaşayan bir ailənin süfrəsini bəzəyəcəkdir.