“SƏLİS Könüllülər” Gənc App mobil tətbiqindən yararlana bilər

qhtxeber.az  Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 17 fevral 2020-ci ildə “SƏLİS Könüllülər” Birliyini təsis edib. 
 
Şura ölkəmizdə vətəndaş cəmiyyətinin güclənməsinə, QHT sektorunun inkişafına və könüllülük hərəkatının genişlənməsinə töhfə vermək məqsədilə vətəndaşları “SƏLİS Könüllülər” platformasında fəal iştirak etməyə dəvət edir.
 
Azərbaycan Respublikasının Gənclər Fondunun hazırladığı GencApp mobil tətbiqində “SƏLİS Könüllülər” Birliyinin yaradılması ilə bağlı məlumatla tanış olmaq mümkündür. Mobil tətbiqin yaradılmasında əsas məqsəd gənclər üçün faydalı olan məlumatların interaktiv xarakter daşıyan vahid elektron portalda cəmlənməsi, dövlət, qeyri-hökumət təşkilatları, özəl sektor və beynəlxalq təşkilatların gənclər üçün təklif etdiyi xidmət və imkanların gənclərə səmərəli və operativ şəkildə çatdırılmasına köməklik etməkdir.
 
Qeyd edək ki, “SƏLİS Könüllü” olmaq istəyən hər bir şəxs Şuranın “İnnobank” İdeya və Elektron Resurslar portalının (https://innobank.az/) “Könüllü ol” bölməsinə daxil olaraq qeydiyyatdan keçə bilər.