Umud Rəhimoğlu: “Media təmsilçilərimiz üzərlərinə düşən işin öhdəsindən uğurla gəlirlər, lakin...

Ümumbəşəri bəlaya çevrilən koronavirusun ölkəmizdə də tədricən yayılması bu xəstəliyə qarşı bütün müstəvi və sferalarda ciddi mübarizəni zəruri edir. Maraqlıdır, bəs ölkəmizdə koronavirusa qarşı mübarizədə mediamız üzərinə düşən işin öhdəsindən lazımınca gələ bilirmi?
 
Moderator.az-a açıqlama verən Mətbuat Şurasının sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu Azərbaycan mediasının bu istiqamətdəki fəaliyyətini yüksək qiymətləndirdiyini vurğuladı:
 
“Azərbaycan Mətbuat Şurası bu günlərdə məlum məsələ ilə bağlı öz tövsiyyələrini yaydı. Indiki məqamda media qurumlarının üzərinə düşən məsuliyyətə aydınlıq gətirdi.
 
Bildiyiniz kimi, ölkə başçısının göstərişi ilə Azərbaycanda koronavirusa qarşı mübarizə çərçivəsində çox böyük işlər həyata keçirilir. Həm ölkə başçısı, həm də I vitse-prezidentin koronavirusla mübarizə sahəsində aldığı qərarlar, atdığı addımlar koronavirusla mübarizə sahəsində əsas göstərişdir. Bu gün bütün dövlət qurumları koronavirusla mübarizəyə səfərbər olunub. Vətəndaş cəmiyyətləri və mediada da oxşar mənzərə mövcuddur və bu sahədə çalışanların da üzərinə böyük məsuliyyət düşür.
 
Mediamızın böyük əksəriyyəti onlayn şəkildə fəaliyyət göstərir. Ancaq bu, o demək deyil ki, Azərbaycan jurnalistikası fəaliyyətini dayandırıb və yaxud onun fəaliyyətində hansısa geriləmə var. Insanlarımızın çevik şəkildə məlumatlandırılması, onların maariflənməsi baxımından media təmsilçilərimiz üzərlərinə düşən işin öhdəsindən uğurla gəlirlər. Mediamız sadəcə ölkə daxilində deyil, beynəlxalq aləmdə koronavirusa qarşı aparılan mübarizə, bu sahədə baş verən yeniliklər haqqında da ictimaiyyəti operativ şəkildə məlumatlandırır ki, bu da vətəndaşlarımızın informasiya ilə ətraflı təminatı baxımından olduqca vacibdir. Lakin koronavirus təhlükəsinin davam etdiyini nəzərə alsaq, qeyd etməliyik ki, bu fəaliyyətin bundan sonra da yüksək səviyyədə davam etdirilməsinə ehtiyac var. Bu isə o deməkdir ki, mediamız, jurnalistlərimiz bundan sonra da əzmkarlıq nümayiş etdirməlidirlər və əminəm ki, etdirəcəklər də. Mən jurnalistlərimizə bu ağır və şərəfli işdə uğurlar arzulayır, bütün xalqımıza cansağlığı və firavanlıq diləyirəm”