Mərkəz "Evdə qal, cəmiyyəti qoru" monitorinq kampaniyasına qoşulub

qhtxeber.az  Koronovirus epidemiyasının dünyada tüğyan etdiyi bir dönəmdə maarifləndirmə tədbirlərinin əhəmiyyəti bir daha önə çıxır. Dünyanı bürüyən koronovirus infeksiyası ilə mübarizədə Azərbaycanın ən effektli tədbirlər görən ölkələr sırasında olması sevindiricidir. Bu istiqamətdə vətəndaş cəmiyyəti institutlarının da üzərinə böyük məsuliyyət düşür.
 
Regional İnsan Hüquqları və Media Mərkəzi də bu istiqamətdə görülən işlərə öz dəstəyini verir. Təşkilat sədri Xalid Kazımov bildirib ki, Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib. Bununla yanaşı Bərdə rayonunda xüsusi karantin rejimi dövründə evdən çıxa bilməyən yaşlı, köməyə ehtiyacı olan insanlara təşkilatın könüllüləri tərəfindən zəruri ərzaq məhsullarının alınıb çatdırılmasına yardım ediləcək.
 
Regional İnsan Hüquqları və Media Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının koronavirusun
yayılmasının qarşısının alınmasına ictimai dəstəyi təmin etmək məqsədilə "Evdə qal, cəmiyyəti qoru" adlı ictimai monitorinq və məlumatlandırma kampaniyasına qoşulub.
Təşkilat bacardığı imkanlardan yararlanaraq bu kampaniyaya real dəstək verməyə hazır olduğunu bəyan edir.