Qənirə Paşayeva "Evdə qal, cəmiyyəti qoru" kampaniyasına qoşuldu və ailələrə yardım etdi

Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-i Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının  "Evdə qal, cəmiyyəti qoru" adlı ictimai monitorinq və məlumatlandırma kampaniyasına qoşularaq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əməkdaşlıq çərçivəsində onların təşəbbüslərinə dəstək olub. Belə ki, Qənirə Paşayevanın rəhbərlik etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB Abşeron rayonunda 20 tənha ailənin bir aylıq ərzaq təminatını öz üzərinə götürüb, ailələrə artıq ilkin dəstək göstərilib və göstərilməkdə davam etdiriləcək. 
 
"Eyni zamanda “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB ölkəmizdə koronavirus pademiyası ilə mübarizə tədbirlərinə dəstək olaraq bir sıra könüllü xeyirxah insanlarımızın iştirakı ilə 100-dən çox tənha yaşlı insanlarımıza, ailə başçısını itirmiş, bu günlərdə çətin vəziyyətlə üzləşən qadınlar və aztəminatlı ailələrə koronavirus pandemiyasından qorunmaq üçün tibbi gigiyenik vasitələr və ərzaq yardımı çatdırıb. Həmin könüllü insanlarımıza təşəkkürümüzü bildiririk"- deyə millət vəkili bildirib.
 
Qənirə Paşayeva əlavə edib ki,  “Avrasiya Beynəlxalq Araşdırılmalar İnstitutu” İB eyni zamanda cənab Prezidentimizin və birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın çağırışlarına qoşularaq cənab Prezidentimizin sərəncamı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna da bir vətəndaş cəmiyyəti təşkilatı olaraq vəsait köçürüb.
  
Qənirə Paşayeva çağırış edib ki, bu gün koronavirus pandemiyasından dünyada müharibə  elan etdiyi şəraitdə  bizim dövlətimiz və insanlarımız də bu pandemiyadan zərər görür. "Ona görə də cənab prezidentimizin “Biz birlikdə güclüyük”  çağırışını hamımız dəstəkləyirik və hər bir imkanlı şəxs, əmək haqqı yüksək olan insanlar koronavirus pandemiyası səbəbindən evindən çıxa bilməyən bir neçə tənha yaşlı insanın bu koronavirusla mübarizə dövründə onların müəyyən qayğılarını üzərlərinə götürlərsə, və onların təhlükəsizliyi üçün onlara lazım olan ərzaq, dərman preparatı yardımının onlara evlərinə çatdırılmasına dəstək göstərə bilər. Və bu məsələdə imkanlı şəxsləri, əmək haqqları yüksək olan insanlarımızı, şirkətləri  belə həssas dövrdə daha da həmrəy olmağa və bu cür insanlarımıza daha da çox dəstək olmağa çağırırıq. Bu ailələrin siyahısını  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən də əldə edə bilərlər. Belə ailələrlə bağlı zəruri məlumatları (ünvanları, telefon nömrələri və s.)  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə yanaşı, yaşadıqları rayonun icra, bələdiyyə qurumlarından əldə edə bilərlər".