"Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyi "Evdə qal” kampaniyası çərçivəsində növbəti aksiya keçirib

Ölkəmizin ictimai-mədəni həyatında xüsusi rolu ilə seçilən “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi tərəfindən koronavirus (COVID-19) xəstəliyinin Azərbaycanda geniş yayılmasının qarşısının alınması üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən tədbirlərə, təbliğat-maarifləndirmə işlərinə dəstək məqsədilə növbəti aksiya keçirilib.
 
“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyindən Trend-ə verilən məlumata görə, martın 27-dən etibarən Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası və Real TV tərəfindən başladılan “Evdə qal, cəmiyyəti qoru” adlı ictimai monitorinq və məlumatlandırma kampaniyası çərçivəsində keçirilən aksiyanın məqsədi vətəndaşların Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın tövsiyələrinə və müəyyən etdiyi xüsusi karantin rejiminin tələblərinə ciddi əməl etməsi işinə töhfə verməkdir.
 
Aksiya zamanı “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin fəalları İctimai Biriyin sədri Qənbər Qurbanovun tapşırığı ilə sosial qayğıya ehtiyacı olan 50-dən artıq aztəminatlı, şəhid ailələri və Qarabağ müharibəsi veteranlarının ailələri ilə görüş keçirib. İctimai Birlik özünün nizamnaməsinə uyğun olaraq yarandığı gündən həyata keçirdiyi xeyirxahlıq missiyasını bu həssas və taleyüklü günlərdə də davam etdirərək sosial müdafiəyə və qayğıya ehtiyacı olan 500-dən artıq ailəyə ərzaq yardımı göstərib, eyni zamanda onlara əslən Kəlbəcər rayonundan olan dərzi Afaq xanımın təşəbbüsü ilə özü hazırladığı tibbi maska paylanılıb.
 
Ölkə başçısı İlham Əliyevin “Biz birlikdə güclüyük” şüarını əsas götürən “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi bundan sonra da koronavirusla mübarizə tədbirləri çərçivəsində öz fəaliyyətini davam etdirəcəkdir.