Şuranın dəstəyilə əfqan qaçqınlarına bayram sovqatı paylanılıb

qhtxeber.az  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ölkəmizdə daimi yaşayan əfqan qaçqınlarına və onların ailə üzvlərinə koronavirus pandemiyası və xüsusi karantin şəraitində, eləcə də orucluq dövründə maddi və mənəvi yardımı təmin etmək üçün humanitar misiya həyata keçirib.
 
Şura tərəfindən “Azyaşlıların hüquqi maariflənməsinə kömək” İctimai Birliyinə Azərbaycan cəmiyyətinə tam inteqrasiya olunmamış, qaçqın həyatı yaşayan əfqanların qoruyucu, sanitar-gigiyenik vasitələrlə, eləcə də zəruri ərzaq məhsulları ilə təmin etmək üçün vəsait ayrılıb.
 
Dünyada və ölkəmizdə koronavirus pandemiyasının geniş yayılması hər bir şəxs kimi əfqanların da səhhətinə, psixoloji durumuna və sosial həyatına neqativ təsir göstərmişdir. BMT QAK-ın göstərdiyi yardımların azalması, iş yerlərinin olmaması, xüsusi karantin rejimində fəaliyyətin məhdudlaşdırılması bu insanları çətin vəziyyətə salmışdır. 
 
Ramazan Bayramı ərəfəsində İctimai Birliyin üzvləri ən çətin vəziyyətdə olan 25 əfqan ailəsində olublar, onlara ərzaq və tibbi ləvazimatla yardım ediblər. Əfqanlar yardıma görə Azərbaycan hökümətinə,  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına və təşkilatın üzvlərinə minnətdarlıqlarını bildiriblər. Qeyd edək ki, belə yardımlar davam etdiriləcək.