Ombudsman QHT rəhbərləri və hüquq müdafiəçiləri ilə onlayn görüş keçirib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva bir qrup QHT rəhbəri və hüquq müdafiəçisi ilə onlayn görüş keçirib.
 
 Onlayn görüşdə Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni, D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüququnu Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova, Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli bölməsinin sədri Səadət Bənənyarlı, İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi Bürosunun rəhbəri Səidə Qocamanlı, Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli, Azərbaycan İnsan Hüquqları Mərkəzinin direktoru Eldar Zeynalov və Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvü Zaliha Tahirova, həmçinin Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı və Aparatın İşgəncələrin qarşısının alınması şöbəsinin müdiri Rəşid Rumzadə iştirak ediblər.
 
Ombudsman Aparatının mətbuat xidmətindən  bildiriblər ki, müvəkkil onlayn görüşdə iştirak edən QHT nümayəndələrini qarşıdan gələn müqəddəs Ramazan bayramı və 28 May – Respublika Günü münasibətilə onları təbrik edib, ən xoş arzularını bildirib.
 
Səbinə Əliyeva müvəkkil kimi səlahiyyətlərinin icrasına başladığı ilk günlərdən vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığa xüsusi önəm verdiyini, qısa zaman kəsiyində təşkil edilən tədbirlərə QHT nümayəndələrin də cəlb olunduğunu, bu əməkdaşlığın gələcək istiqamətlərinin müzakirəsi məqsədilə geniş bir toplantının keçirilməsinin qərara alındığı, lakin yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqədar xüsusi karantin rejiminin tələblərinə əsasən ölkəmizdə kütləvi tədbirlərin müvəqqəti dayandırılmasına görə canlı görüşün baş tutmadığını bildirib. Ombudsman qeyd edib ki, pandemiyadan sonra QHT nümayəndələri ilə birgə silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulur.
 
Müasir dövrdə QHT-lərin vətəndaş cəmiyyəti quruculuğu və ölkənin demokratikləşməsi prosesinin vacib elementlərindən birinə çevrildiyi, dövlət tərəfindən həyata keçirilən islahatlarda vətəndaş cəmiyyəti institutlarının fəal şəkildə iştirak etməsinə şərait yaradıldığı, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq olunması haqqında” ölkə Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamında bu sənədin həyata keçirilməsində vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlıq edilməsinin icra orqanları qarşısında bir tapşırıq olaraq müəyyənləşdirildiyi bildirilib.
 
Milli insan hüquqları təsisatı olaraq fəaliyyətə başladığı ilk dövrdən müxtəlif profilli çoxsaylı QHT-lərin təmsil olunduğu Ombudsman yanında Müstəqil Ekspertlər Şurasının yaradılmasının əhəmiyyətini vurğulayan müvəkkil vətəndaş cəmiyyəti institutları, o cümlədən QHT-lərlə insan hüquqları sahəsində qarşılıqlı əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinə xüsusi önəm verdiyini diqqətə çatdırıb.
 
Ombudsman Müstəqil Ekspertlər Şurasının gələcək fəaliyyət istiqamətləri və prioritetlər haqqında məlumat verib, o cümlədən BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri, beynəlxalq təşkilatlara veriləcək hesabatların hazırlanması, qanunvericilik üzrə təkliflərin irəli sürülməsi, hüquqi maarifləndirmə işinin aparılması və digər sahələrdə əlaqələndirilmiş fəaliyyət göstərəcəyini bildirib.
 
Görüşdə Müstəqil Ekspertlər Şurasının gələcək fəaliyyəti, qanunvericiliyin insan hüquqlarının müdafiəsi baxımından təkmilləşdirilməsi, ictimai nəzarətin həyata keçirilməsi, korrupsiyaya qarşı mübarizə, “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanununa əlavə və dəyişikliklərin edilməsi istiqamətində Ombudsmanın QHT-lərlə əməkdaşlığı mövzularında səmərəli fikir mübadiləsi aparılıb.
 
Onlayn görüşdə iştirak edən QHT rəhbərləri tərəfindən Müstəqil Ekspertlər Şurasının fəaliyyətini tənzimləyən Əsasnamənin bir daha müzakirə olunaraq təkmilləşdirilməsi, Şura nəzdində müxtəlif istiqamətlər üzrə işçi qruplarının formalaşdırılması, Ombudsmanın fəaliyyətinin daha da gücləndirilməsi məqsədilə qanunvericiliyin təkmilləşdirilməsi, beynəlxalq və regional insan hüquq müdafiə təşkilatları ilə əməkdaşlığın inkişaf etdirilməsi, təsisatın əməkdaşları ilə birlikdə insan hüquqları sahəsində müvafiq araşdırmaların, monitorinqlərin aparılması, əhalinin müxtəlif kateqoriyalarına ünvanlanan birgə maarifləndirmə işinin təşkili üzrə təkliflər verilib.
 
Görüş çərçivəsində aparılan müzakirələrin insan hüquqlarının müdafiəsi baxımından əhəmiyyəti diqqətə çatdırılıb və gələcəkdə belə görüşlərin sistemli şəkildə davam etdirilməsi qərara alınıb.