“Yurd” gənclər təşkilatı onlayn turnir keçirib

“Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi “28 May-Respublika günü”nə həsr olunmuş Zoom platforması üzərindən onlayn “İstiqlal turniri” yarışı təşkil edib. Yarışda Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Biləsuvar, Cəlilabad, Qəbələ rayonlarından, Gəncə, Sumqayıt, Şəki, Xırdalan və Lənkəran şəhərlərindən 14-29 yaş arası 49 nəfər gənc qatılıb.
 
Təşkilatın sədri Ramin Mahmudov bildirib ki, turnirin keçirilməsində əsas məqsəd Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cumhuriyyətinin gənclər arasında təbliğinə, koronavirus pandemiyası ilə əlaqədar karantin rejimi çərçivəsində gənclərin asudə vaxtının səmərəli təşkilinə, onların bilik və bacarıqlarının artırılmasına  nail olmaqdır. 
 
Yarışda iştirak edən gənclər Azərbaycan Xalq Cümhuriyyəti, onun yaradıcıları, Azərbaycanın istiqlal mübarizəsində fəal olan şəxsiyyətlərin həyat və fəaliyyətinə aid təqdim edilən 15 sualı cavablandırıblar.
 
Yekunda Xırdalan şəhər sakini Gülay Əliyeva və Siyəzən rayon sakini Mirkamil Əlifov eyni xala sahib olmaqla birinci mükafata layiq görülüblər. Şəki şəhər sakini Kamran İsayev, Şabran rayon sakini Fuad Mikayılov və Cəlilabad rayon sakini Əli Mirzəyev ikinci mükafatın, Sumqayıt təmsilçisi Əli Nadirli, Lənkərandan yarışa qatılan Zamin Ağazadə, Biləsuvar sakini Ziyafət Əhmədzadə, Qəbələ təmsiçisi Şahlar Mirzəliyev və Quba rayon sakini Xəyal Eyyubov üçüncü mükafatın sahibi olublar. Bütün qalib və mükafatçılara elektron diplomlar təqdim olunub.