Vətəndaş olaraq Ramil Səfərovu müdafiə edə bilmiriksə...

Əlövsət Allahverdiyev


Avropa  İnsan Hüqqları Məhkəməsinin Ramil Səfərovla bağlı qərarı demək olar ki, həftənin ən aktual mövzusuna çevrildi. Bu müzakirələrə qatılmağı düşünsəm də öncə fikrimdən yan keçməli oldum, amma vətəndaşlarımızın emosional mövqeyini gördükdə qərara gəldim ki, mütləq Məhkəmənin bu qərarından yaranan mübahisəli vəziyyətə münasibət bildirim. Məqsəd Məhkəmənin qərarını şərh etmək deyil, Məhkəmə müraciət əsasında araşdırma aparmış, İnsan hüquqları üzrə Avropa Konvensiyasının 2-ci maddə (yaşamaq hüququ) və 14-cü maddənin (ayrı-seçkiliyin qadağan olunması) pozulduğunu bəyan etmişdir. Konvensiyanın 2-ci maddəsinin tələbi aydındır, hər kəsin yaşamaq hüququnun qanunla qorunmasından bəhs olunur. 14-cü maddədə isə göstərilir:
 
“Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya hər hansı digər əlamətlərə görə ayrı-seçkilik olmadan təmin olunmalıdır”. 
 
Məhkəmə ayrı-seçkiliyə yol verildiyini bu maddənin tələbinin pozulduğunu iddia edir. Bunu Macarıstan məhkəməsinin R.Səfərovla bağlı hökmünün davamı kimi də dəyərləndirmək olar. O zaman Macarıstan məhkəməsi də bu müddəanı əsas götürərək mühakiməyə başlamışdı. Məhkəmənin R.Səfərovla bağlı hökmündə də cinayətin motivi kimi zərərçəkmişin başqa millətin nümayəndəsi olduğuna görə öldürüldüyü qeyd olunmuşdu. Onun əməli qabaqcadan planlaşdırılmış, qəsdən, ağırlaşdırıcı halda və qəddarlıqla adamöldürmə kimi tövsif olunub. Halbuki, sonradan onun əməlinin qabaqcadan planlaşdırılması məhkəmə prosesində sübut olunmayıb. Cinayət işinin materiallarında sübut olunur ki, R. Səfərov zərərçəkmişi uzun sürən qeyri-qanuni və əxlaqa zidd hərəkətləri nəticəsində güclü affekt təsiri altında öldürüb. Onun əməli törədərkən hansı vəziyyətdə olması sübut olunmayıb. Zərərçəkmişin sistemli, qeyri-qanuni və əxlaqa zidd hərəkətləri məhkəmə tərəfindən nəzərə alınmayıb.
 
Bu halda biz vətəndaş olaraq R.Səfərovu müdafiə edə bilmiriksə, heç olmasa tənqid də etməməliyik. Macarıstan məhkəməsinin davamı olaraq bu gün Avropa İnsan Hüquqları Məhkəməsinin də hadisəyə kökündən yanaşmamağı və ayrı-seçkilik halını qabartması başadüşülən deyil.
 
Bu, məsələnin bir tərəfi, digər tərəfi isə bizim susqunluğumuz, eyni zamanda isə həm məhkəmə qarşısında, həm də beynəlxalq ictimaiyyət qarşısında  alternativ faktları qoya bilməməyimizdir. Avropanın və digər ölkələrin mövqeyi bəllidir, yaşamaq hüququnun pozulduğunu iddia edirlər, eyni zamanda bu vəziyyətdən istifadə edərək Azərbaycana qarşı təzyiqlərini davam etdirirlər. Bəs bizim vətəndaşlar Ramil Səfərovu niyə ittiham edirlər, bunu necə başa düşmək olar?
 
Ramil Səfərovun törətdiyi əməl məlumdur və buna görə də Macarıstan qanunvericiliyinə görə verilmiş cəzanın 8 ilini çəkmişdir. Əgər doğrudan da Avropa, fərdlərin yaşamaq hüququnun pozulmasından narahatlığını ifadə edirsə Azərbaycanın işğal olunmuş ərazilərində hüquqları pozulmuş, yaşamaq hüququndan məhrum olunmuş insanların, fərdlərin taleyinə nə üçün biganədir. Əgər burada söhbət bir erməni zabitinin yaşamaq hüququnun pozulmasından gedirsə, işğal olunmuş ərazilərdə erməni silahlı qüvvələrinin minlərlə insanı yaşamaq hüququndan məhrum etmişdir. Avropa Məhkəməsi Konvensiyanın 14-cü maddəsinin tələbləri pozulmasını iddia edərək  ayrı-seçkiliyə yol verildiyini bəyan edir, amma, Məhkəmə yaşamaq hüququndan məhrum olunmuş minlərlə soydaşlarımızla bağlı məsələdə ayrı-seçkiliyə yol verir. Hesab edirəm ki, Məhkəmənin fəaliyyətində tənqidi məqamlar çoxdur, ən azından bizim tərəfimizdən bunlar açıq bəyan olunmalıdır. 
 
Ramil Səfərov məsələsini vətəndaşlarımız təqdir etmədən, adi bir cinayət hadisəsi kimi qəbul etmədən açıq tənqidlərdən çəkinsələr daha yaxşı olardı. Ramil Səfərovun əməli anlayışla qarşılanmalıdır. 
 
Əvvala, Ramil Səfərov bu hadsəni nə qarət, nə xuliqanlıq, nə də tamah məqsədilə törətməyib, məhz xalq, dövlət mənafeyi naminə törədib, haqsızlığa etiraz olaraq, cinayətkarların cəzasız qaldığından hiddətlənərək törədib.
 
İkincisi,  Ramil Səfərov müharibənin od-alovunda yaxınlarını itirmiş bir gənc zabit idi. Onun yaxınları erməni vəhşiliyinin qurbanı olmuşdur. Bu baxımdan, gənc zabitin emosiya və hissləri başadüşülən olmalıdır, onun yerində başqa bir vətəndaşımız olsaydı bəlkə o da eyni addım atardı.  Aydındır ki, biz nə cinayətin tərəfdarıyıq, nə də törədilmiş cinayət əməlini alqışlamırıq. Bəli, bütün  məsələlərin dinc formada, diplomatik yolla həll etmək daha uğurlu variantdır. Hadisəni təfərrüatı ilə bilmirik, onun ruhi həyacan vəziyyətində baş verməsi daha çox iddia olunur. Ona görə də vətəndaşlarımız bu məsələyə həssas yanaşmalı  düşmən dəyirmanına su tökmüş kimi görünməməlidir. Yaxın tariximiz unudulmamalıdır. Ermənistan, vətəndaşlarımızı kütləvi şəkildə məhv etdi və Xocalı hadisələrini Azərbaycanın keçmiş hakimiyyətinin törətdiyini bildirdi. Erməni cinayətkarlarının cəzalandırılmaması bu gün bizim hər birimizi hiddətləndirir.
 
Erməni zabitlərinin törətdikləri qeyri-insani vəhşi əməllər beynəlxalq cinayətdir, birbaşa beynəlxalq sülh və təhlükəsizlik üçün təhdiddir, R. Səfərovun törətdiyi əməl isə milli cinayət qanunvericiliyi ilə cəzalandırılmalı əməldir. Avropa və NATO R.Səfərovun ekstradisiyadan sonra Azərbaycanda qəhrəman kimi qarşılanması və əfv olunmasına görə narahatlıqlarını ifadə etdilər. Maraqlıdır, R.Səfərova ömürlük azadlıqdan məhrumetmə cəzası veriləndə bu narahatlıq nə üçün ifadə olunmurdu? Adamöldürməyə (bir adamın öldürürülməsinə görə) görə ömürlük azadlıqdan məhrumetmə cəzasının verilməsi beynəlxalq hüquq normalarına uyğundur? Heç Yuqoslaviya Tribunalı yüzlərlə bosniya müsəlmanlarını qırğına məruz qoymuş serb cinayətkarlarının çoxuna ömürlük azadlıqdan məhrumetmə cəzası vermədilər.  
 
Beynəlxalq humanitar hüquq normalarına və “Müharibə Qurbanlarının Müdafiəsinə dair” 1949-cu il Cenevrə Konvensiyalarına görə mülki şəxslərin öldürülməsi, işgəncələrə məruz qalması, mülkiyyətin dağıdılması, tarixi-mədəniyyət abidələrinin hərbi zərurət olmadan dağıdılması beynəlxalq cinayətdir və bu beynəlxalq cinayətlər bizim ərazidə baş verib, sağ ikən uşaqların dərisi soyularaq, əllərindən güllənərək  işgəncələrə məruz qalıb. Vətəndaşlarımız yazır ki, insanı yatmış vəziyyətdə öldürməzlər, Xocalıda körpələr, qocalar və qadınlar, köməksiz insanlar elə yatdıqları yerdə güllələnmədilər, hamilə qadının qarnı yarılaraq bətnindən körpəsi çıxarılmadı, qızlar zorlanmadılar?  
 
Fərq aydındır. Geniş miqyasda soydaşlarımızın öldürülməsinə susuruq, bir erməni zabitinin öldürülməsinə emosianal yanaşırıq. Bu mövqeyimlə mən cinayətin baş verməsinin tərəfdarı deyiləm əsla. Sadəcə istərdim ki, baş vermiş tarixi həqiqətləri unutmayaq, nəticə çıxarmağa çalışaq. 
 
Hüquqşünas Əlövsət Allahverdiyev