Pandemiya dövründə və sonrası insan amili

Bir neçə ay əvvəl qəfil şəkildə hamını heyrətləndirəcək dərəcədə dünyanı cənginə alan “COVID-19” virusunun yenicə və sürətlə yayılmağa başladığı dönəmdə çoxlarımızda ani bir “qısaqapanma” baş verdi desəm, yəqin ki, mübaliğə etmərəm. Düşündük, nə baş verir? Hətta bir vaxtlar o qədər ajiotaj baş qaldırdı ki, “Son” əndişəsinə də qapıldıq.
 
qhtxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ictimaiyyətlə əlaqələr departamentinin əməkdaşı Məhbubə Mehdiyeva deyib.
 
O bildirib: “Bütün zərər və ziyanları bir tərəfə qoyub, pandemiya dövrünün insanı olaraq onun faydaları barədə də bir neçə cümlə qeyd etmək istəyirəm. Düşünürəm ki, bu dövrdə, ilk növbədə, özümüzə yenidən baxmaq fürsəti əldə etdik. Biz kimik? Bu dünyada hansı missiyanı icra edirik və etməliyik? Nələrlə yaşaya bilərik? Gündəlik ehtiyaclarımızın miqyası hara qədərdir? Bəs yekun ehtiyacımız? Kimə və hansı mənbəyə ehtiyacımız əbədi və əzəlidir? Sürət əsrində ehtiyaclarımızı bizim üçün təyin edirlər. Bunlar həqiqətən də bizim zəruri tələbatımızdır?
 
Hesab edirəm, hər kəs anladı ki, əslində, ətrafımızda bizim üçün heç də zəruri olmayan nə qədər bər-bəzək varmış. Süni və bəzən də bilərəkdən yaradılan bu ehtiyac vakuumu, bər-bəzək və rəngarəngliyin fonunda insanın özünə diqqət kəsilməsi az qala çox çətin bir prosesə çevrilmişdi. Fərqi yoxdur, bu virus mövzusu hansı qüvvə tərəfindən və necə meydana çıxdı və gələcəkdə nələr baş verəcək. Mən sırf insanın özünə və ehtiyaclarına diqqət ayırması mövzusuna toxunmaq istəyirəm. Sırf bu cəhətdən, sanki sehrli bir dəyənəklə gedişata müdaxilə edildi və yavaş-yavaş dərk etməyə başladıq ki, sən demə, ən minimal vasitələrlə nəinki yaşamaq, hətta məmnun olmaq da mümkün imiş.
 
Ən əsas faydası, başımız öz episentrimizə o qədər qarışmışdı ki, başqalarının qayğı və ehtiyacları barədə düşünməyi imkanlarımızın ehtimalına buraxmışdıq. Yanılmışdıq, çox olanı deyil, az olanı bəxşiş verəndə insan ərdəm bir varlığa çevrilirmiş.
 
Bəs zərurətdən tətbiq olunan sərt ehtiyat tədbirlərinin yumşaldılmasından sonra nə baş verəcək? Sadaladıqlarımın fərqinə varmış bu insanı o mərhələyə daşıya biləcəyikmi? Yoxsa yenə həmin qaçaqaç, yenə eyni süni ehtiyaclar, bər-bəzəkli tələbatlar unutqanlıq effekti yaradacaqmı? Yenə də “biz” və “başqaları” təsnifi gündəlik qanunauyğunluq kimi həyat tərzimizə çevriləcəkmi? Diqqətimiz öz episentrimizə yönələcəkmi?".