Koronavirus pandemiyası ilə mübarizəyə ciddi və məsuliyyətli yanaşaq!

Asif Əsgərli


Qlobal pandemiya elan olunan koronavirus (COVİD-19) infeksiyası ilə mübarizədə ölkəmizin apardığı siyasət, atdığı addımlar cəmiyyətimizin və xalqımızın sağlamlığı, təhlükəsiz və normal həyat tempinin qaydaya salınmasına yönəlmişdir. Bütün bu zəruri tədbirlər nəticəsində hökumət strukturları pandemiyanın geniş arealda yayılmasının qarşısının alınmasını ciddi nəzarətdə saxlamış, virusun əhatə dairəsinin və vətəndaşların həyatına ciddi risk yaradacaq səviyyəyə qalxmasına imkan verməmişdir.
 
Ümumdünya Səhiyyə Təşkilatının təsdiq etdiyi hesabatdan göründüyü kimi Azərbaycanda əhali arasında infeksiyaya yoluxma hallarının sayı azalmış, inkişaf etmiş dövlətlərlə müqayisədə ölkəmizdə ölüm halları çox aşağı səviyyədə olmuş, xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalanların sayı yeni yoluxma hallarının sayını kəskin üstələmişdir. 
 
Cəmiyyət həyatının çox sahələrində fəaliyyətlərin bərpası, xüsusi karantin rejimi yumşaldılması və sərt qadağaların aradan qaldırılmasından keçən qısa vaxtda təssüflər olsun ki, paytaxt və regionlarda yeni yoluxma hallarının sayında artım müşahidə olunmağa başlamış, əldə edilmiş pozitiv nəticəni qoruyub saxlamaq mümkün olmamışdır. 
 
İndiki həssas dövrdə pandemiya ilə səmərəli mübarizə bilavasitə hər bir vətəndaşın davranışından, sosial məsuliyyətindən və fəal vətəndaş mövqeyindən çox asılıdır.  
 
Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən əhali fəallığı olan sahələrə, o cümlədən, ictimai iaşə obyektlərində xəstəlikdən qorunmaq üçün xüsusi qaydalar işlənilib hazırlanıb. Həmin obyektlərin sahibləri, vətəndaşlar bu qaydalara mütləq şəkildə riayət etməlidirlər. 
 
Hər bir şəxs fəal vətəndaş mövqeyindən, ictimai davranışından və sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və digər cəmiyyət üzvlərini qorumaq üçün movcud sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət etməli, başqalarını da bu fəaliyyətə dəvət etməlidir. 
Hazırda ictimai nəzarət, ictimai qınaq və maarifləndirmə vacib məsələlərdəndir. Xəstəliklə mübarizə tədbirlərinə, sərt karantin rejimi qaydalarını pozanlara qarşı hamı səfərbər olmalıdır. 
 
Təhlükəli infeksiyanın yayılması hələ də davam etdiyindən və COVID-19 infeksiyasının müalicəsi üçün zəruri dərman preparatı, eyni zamanda bu xəstəliyə qarşı peyvənd tapılmadığından virusla mübarizə hər kəsin gündəlik həyat tərzinə çevrilməlidir.
 
Avropa ölkələrində və digər yaxın əhatəmizdə olan dövlətlərdə tətbiq olunan qaydaların və epidemioloji normaların pozulmasına, xüsusilə fərdi qoruyucu vasitələrdən istifadə etməməyə görə yüksək məbləğdə cərimələr, hətta inzibati həbs cəzasi da tətbiq olunur. 
 
Artıq ölkəmizdə də epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə cərimələr qüvvəyə minmişdir. 
 
Bununla yanaşı, məhz infeksiyaya yoluxma halları artığına görə Nazirlər Kabineti yanında Operativ Qərargah həftəsonu sərt rejimə qərar vermiş, demək olar ki, bütün sahələrdə hərəkət məhdudliyyətlərin tətbiq olunması qərarını vermişdir.  Bu bütün dünyada yayılmış praktikadır. 
 
Maarifləndirmə ilə yanaşı, həm də təhlükənin real olması, məsələyə laqeyd və məsuliyyətsiz yanaşmanın həm şəxsi həyatı, həm də ətrafdakıların sağlamlığını ciddi risk altına qoyması ilə bağlı silsilə məlumatlar verilməlidir.
 
Bəzi vətəndaşlarımızın virusun mövcudluğu və ciddi təhlükəsi ilə bağlı inamsızlıq nümayiş etdirdiyi nəzərə alınaraq, real insanların öz qohumları, qonşularının virusa yoluxduğu, ailəlikcə xəstəxanaya götürüldüyü barədə də nümunələr təqdim oluna bilər. 
 
Maska və digər qoruyucu vasitələrin istifadə, sosial məsafə gözləməyə və izolyasiaya riayət olunması məsələləri təbliğ edilməlidir.
 
Maska və digər qoruyucu vasitələrdən istifadə olunmaması və karantin rejimi qaydalarının pozulmasına görə cərimələrin tətbiq olunmasının vacib, zruri və əsaslı tədbir olduğu qeyd edilməlidir.     
 
Azərbaycan Demokratik Tələbə 
Gənclər Təşkilatının sədri