Cəmiyyətin sağlamlığı dövlətimizin prioritet vəzifəsidir

Elvin Talışınski


Sağlamlıq insan həyatının mühüm amili hesab edilir. Ona görə də insan sağlamlığını həm də cəmiyyətin sərvəti və dövlətin gələcəyinin təminatı kimi qiymətləndirmək olar. Belə ki, yalnız sağlam olan insanlar xalqının, millətinin, dövlətinin xeyrinə fəaliyyət göstərmək, qərar qəbul etmək üçün özlərinin yaradıcı imkanlarından tam istifadə edə bilərlər. Başqa sözlə desək, sağlamlıq yalnız şəxsin özü üçün deyil, həmçinin ailə, cəmiyyət, vətən, dövlət üçün də vacibdir.
 
Vətəndaşın həyat və sağlamlığının mütləq dəyərlər olduğunu nəzərə alaraq, onun qorunması da hər bir dövlətin prioritet vəzifələrindən biri hesab olunur. Əbəs yerə deyil ki, bütün dünya dövlətlərinin siyasətində xüsusi yeri məhz təhsilin inkişafı və səhiyyənin təkmilləşdirilməsi tutur. Yəni, təhsil və səhiyyə dövlətin əsas güc strukturu və strateji istiqamətləri hesab olunur. Ümumilikdə məsələyə siyasi nöqteyi-nəzərindən yanaşsaq, dövlətin mövcudluğu və gələcək uğurlu fəaliyyətinin əsası cəmiyyətin nə dərəcədə sağlam olmasından asılıdır.
 
Bu gün bütün dünya mövcudluğu tarixi boyunca üzləşdiyi növbəti ağır sınaq qarşısındadır. 2019-cu ildə Çində başlayan və oradan dünya ölkələrinə yayılan, ÜST tərəfindən pandemiya elan edilən yeni növ koronavirus milyonlarla insanı öz əsarətinə almaqda davam edir. Bir çox inkişaf etmiş ölkələr belə epidemiya ilə mübarizədə aciz qalaraq yoluxmanın qarşısını ala bilmir.
 
Digər dövlətlərlə müqayisədə ölkəmizdə COVID-19 yeni növ koronavirus xəstəliyinə qarşı mübarizənin ilkin mərhələsində məqsədyönlü profilaktik addımlar atıldı. Bu tədbirlər çərçivəsində Azərbaycan hökuməti ilk növbədə xarici ölkələrlə hər cür nəqliyyata bir sıra məhdudiyyətlər tətbiq etdi və karantin tədbirlərini gücləndirdi. Bu istiqamətdə mühüm məsələlərdən biri də dünyanı bürüyən ağır xəstəliyin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət qərargahın yaradılması oldu.
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması haqqında 19 mart 2020-ci il tarixli sərəncamı infeksiyanın yayılmasının qarşısının alınması və onunla mübarizə tədbirlərinə maliyyə dəstəyi baxımından böyük və əhəmiyyətli təsir göstərdi. Dünyada ilk dəfə olaraq məhz Azərbaycanda belə bir qurum yaradıldı. Fondun məqsədi respublikamızda koronavirus infeksiyasının yayılmasının qarşısını almaqdan və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etməkdən ibarətdir. Çox sevindirici haldır ki, cəmiyyətimizin bütün təbəqələrindən olan vətəndaşlar, hüquqi və fiziki şəxslər, sahibkarlar ölkə üçün hazırkı çətin sınaq dövründə həmrəylik nümayiş etdirərək dövlətimizin yürütdüyü siyasət ətrafında birləşdi. Qısa müddət ərzində Koronavirusla Mübarizəyə Dəstək Fonduna könüllü ödəmələr həyata keçirildi ki, toplanan vəsaitlərin xüsusi rejimli tibb müəssisələrinin formalaşdırılmasına, səhiyyə müəssisələrinin infrastrukturunun təkmilləşdirilməsinə və maddi-texniki bazasının gücləndirilməsinə, tibb sahəsində çalışan işçilərin mükafatlandırılmasına və onlara maddi yardım göstərilməsinə yönəldildi. Dövlət başçısı İlham Əliyevin səsləndirdiyi fikir “Biz birlikdə güclüyük!” hər bir azərbaycan vətəndaşı üçün şüara çevrildi.
 
Bununla yanaşı əslində bu ilin payız aylarında istifadəyə verilməsi nəzərdə tutulan, lakin pandemiyanın dünyada sürətlə yayılmasını nəzərə alaraq, martın 28-də müasir standartlara cavab verən ən böyük tibb müəssisəsi olan Yeni Klinikanın Bakıda fəaliyyətə başlaması da bu sahədə atılan vacib addımlardan biri oldu. Prezident İlham Əliyevin də vurğuladığı kimi bu tibb müəssisəsinin istifadəyə verilməsi ölkəmizdə koronavirus epidemiyası ilə mübarizədə əlavə imkanlar yaradacaq. Həmçinin ölkə ərazisində fəaliyyət göstərən bütün tibb müəssisələrinin gücləndirilmiş iş rejiminə keçməsi də virusa yoluxanların sağalması istiqamətində işi sürətləndirdi. Yoluxma hallarının qarşısını almaq üçün Azərbaycanda ilk dəfə olaraq Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılması da zəruri tədbirlərdən biri oldu. Belə ki, dünyanın inkişaf etmiş ölkələrində tibbi ləvazimat və maskaya olan tələbatın tam ödənilmədiyi bir dövrdə Azərbaycanda bu məsələyə də dövlət qayğısı göstərildi. Pandemiya şəraitində tibbi maska və dezinfeksiya vasitələrinin istehsalı bir daha onu göstərdi ki, respublikamızda yaradılmış infrastruktur qısa müddət ərzində lazım olan istehsalat sahələrinin təşkilində uğur qazanmağa tam imkan verir.
 
Prezident İlahm Əliyevin ölkənin bölgələrinə səfəri zamanı əhaliyə maska ​​taxmağın vacibliyini göstərməsi də mühüm amillərdən biri hesab olunur. İyunun 3-də dövlət başçısı Tərtər, Ağcabədi və Ağdam rayonlarında bir sıra obyektlərin açılışında iştirakı zamanı demək olar ki, bütün səfər dövrü ərzində qapalı vəziyyətdə qoruyucu maskadan istifadə etdi. Beləliklə, dövlət başçısı bir daha əhaliyə nümunə göstərərək koronavirus infeksiyasına yoluxmamaq üçün maskadan istifadə etməyin vacibliyini nümayiş etdirdi.
 
Hökumət vətəndaşların sağlamlığını qorumaqla yanaşı, həm də ölkənin sosial-iqtisadi inkişafına mənfi təsir göstərə biləcək amillərin təsirini azaltmağa çalışaraq profilaktik tədbirlər də gördü. Bu məqsədlə, dövlət başçısı pandemiyanın və bunun səbəb olduğu qlobal enerji və səhm bazarlarında baş verən neqativ halların Azərbaycan iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq problemlərinə və sahibkarlıq subyektlərinə təsirinin qarşısının alınması məqsədilə dövlət büdcəsindən bir milyard manat vəsait ayırdı. Bunun nəticəsi olaraq, karantin dövrü ərzində ölkə ərazisində qida məhsullarına olan tələbat da tam şəkildə ödənildi. Bu isə Azərbaycanda kifayət qədər ərzaq ehtiyatının olmasını bir daha nümayiş etdirdi.
 
Yeni növ koronavirus epidemiyasına qarşı mübarizə sahəsində Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə ölkəmizdə fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları da aktivlik nümayiş etdirdilər. Bu gün də QHT-lər Koronavirusun yayılma təhlükəsinin qarşısının alınmasına yönəlmiş tədbirlər çərçivəsində sosial layihələr həyata keçirir və Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilmiş qaydaların tətbiqi üçün lazımi təşkilati dəstək verirlər.
 
İnanıram ki, bütün vətəndaşlarımız tam məsuliyyəti dərk edərək, dövlətimizin bu infeksiyaya yoluxma hallarının qarşısının alınmasına yönəlmiş qaydalara riayət edəcəklər. Qeyd edim ki, Azərbaycan hökumətinin bu istiqamətdəki bütün tədbirlərinin məqsədi ölkə vətəndaşlarının sağlamlığını qorumaqdır.
 
Bakı İslam Universitetinin “ictimai elmlər” kafedrasının müdiri,
“Elin Səsi” Milli Mənəvi Dəyərlərimizin Qorunması İctimai Birliyinin sədri,
Siyasi elmlər üzrə fəlsəfə doktoru